05 avqust 2026 20:34
89

Şəmkirdə arxeoloji yay məktəbi təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu ilə Bakı Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində Şəmkir arxeoloji tədqiqatında BDU-nun tarix ixtisası üzrə təhsil alan tələbələri üçün “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində arxeoloji yay məktəbi təşkil olunub.

İnstitutdan “İki sahil”ə bildirilib ki, yay məktəbinin əsas məqsədi tələbələrin arxeologiya və keçmiş cəmiyyətlər haqqında nəzəri biliklərini dərinləşdirmək, onların arxeoloji qazıntı prosesində birbaşa iştirakını təmin etmək və tədqiqat bacarıqlarını inkişaf etdirməkdir. Arxeoloji Yay Məktəbi tələbələrə keçmişi öyrənmək, yüzilliklər və minilliklərə aid mədəni irs nümunələri ilə birbaşa təmas qurmaq, tədqiqatçılar komandasının üzvü olmaq, qədim artefaktların aşkarlanması və tarixi faktların elmi əsaslarla öyrənilməsi prosesində iştirak etmək imkanı yaradır.

Proqram üzrə nəzəri mühazirələr və praktiki təlimlər tədqiq olunan ərazinin tarixi və arxeoloji əhəmiyyəti, mədəni təbəqə və stratiqrafiya; arxeoloji qazıntılarda istifadə olunan alətlər və onlardan istifadənin xüsusiyyətləri, artefaktların tarixləndirilməsi, rəqəmsal arxeologiya, çöl tədqiqat sənədlərinin hazırlanması mövzularını əhatə edir. Nəzəri biliklərlə yanaşı, tələbələr təcrübəli arxeoloqların rəhbərliyi altında praktiki qazıntılarda iştirak edirlər. Onlar qazıntı sahəsinin hazırlanması, koordinat torunun qurulması, reper nöqtəsinin müəyyən edilməsi və ərazinin təmizlənməsi qaydalarını öyrənirlər. Praktiki məşğələlər zamanı mədəni təbəqələrin tədqiqi, tikinti qalıqlarının və artefaktların aşkar edilərək sənədləşdirilməsi, plan və çertyojların hazırlanması, həmçinin fotoqeydiyyatın aparılması bacarıqlarına yiyələnirlər. Proqram çərçivəsində mədəni təbəqənin stratiqrafiyasının izlənilməsi, profil və sxemlərin hazırlanması, arxeoloji materialların çöl şəraitində sənədləşdirilməsi, tapıntıların ilkin təmizlənməsi, qorunması və təsnifatının aparılması üzrə praktiki bacarıqlar formalaşdırılır. Əsas qazıntı və təlim işləri ilə yanaşı, yay məktəbinin proqramına Şəmkir bölgəsində yerləşən digər tarixi-arxeoloji abidələrə və muzeylərə ekskursiyalar da daxildir. Bu səfərlər tələbələrə aparılan tədqiqatların tarixi və mədəni kontekstini daha dərindən anlamağa, bölgənin səciyyəvi arxeoloji abidələri və artefakt nümunələri ilə yaxından tanış olmağa imkan verir. Arxeoloji yay məktəbi Bakı Dövlət Universitetinin tələbələrinin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsi, onların arxeoloji irsin tədqiqi, qorunması və təbliği sahəsində peşəkar bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tələbələr abidənin narınqala sahəsində IX–X əsrlərə aid monumental binanın tədqiqinə təcrübəli arxeoloqların nəzarəti altında tədqiqat qrupunun üzvü kimi qoşularaq ilkin peşə bacarıqları qazanırlar. Onlar qazıntı sahəsinin hazırlanması, qazıntı alətlərindən istifadə, artefakt və osteoloji qalıqların aşkar edilməsi, təmizlənməsi, götürülməsi və qeydə alınması qaydalarını öyrənir, həmçinin arxeoloji tapıntıların sənədləşdirilməsi üsulları ilə tanış olurlar.

Yay arxeoloji məktəbində tələbələr, həmçinin çöl arxeologiya üzrə nəzəri təlimlərə cəlb olunur. Tələbələr arxeologiyanın elmlər sistemində yeri, arxeoloji abidələr növləri və keçmiş cəmiyyətlərin öyrənilməsində əhəmiyyəti, arxeoloji kəşfiyyat və arxeoloji axtarışlarda tətbiq olunan yeni texnologiyalar, daş dövrü düşərgələrinin, kənd tipli yaşayış yerlərinin və qədim şəhər yerlərinin arxeoloji qazıntı üsulları, mədəni təbəqə və stratiqrafiya, açıq və qapalı arxeoloji komplekslər, arxeologiyada rekokonstruksiya və s. məsələlər üzrə bilgilər əldə ediblər.

Qeyd edək ki, Şəmkir arxeoloji yay məktəbi avqustun 9-dək davam edəcək.