05 avqust 2026 21:02
120

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 2,223 milyard ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 133,6 milyon ABŞ dolları və ya 6,4% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,01%-i həcmində olub. Bununla da Çin Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Çinə 57,654 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 milyon ABŞ dolları və ya təqribən 24,6% çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 2,165 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 122,3 milyon ABŞ dolları və ya 6% artım deməkdir. Bununla da Çin Azərbaycanın ən çox idxal əməliyyatları etdiyi ölkələr siyahısında ilk pillədə qərarlaşıb.

Ümumilikdə, Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət əlaqələri dinamik inkişaf edir. İkitərəfli əməkdaşlıq yalnız ticarətlə məhdudlaşmır. Son dövrlərdə maliyyə sektoru, kapital bazarları, ödəniş sistemləri, enerji, geoloji kəşfiyyat və kənd təsərrüfatı sahələrində də əlaqələr genişlənir. Bu çərçivədə Azərbaycan Mərkəzi Bankı ilə Çin Sənaye və Ticarət Bankı (ICBC) arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, SOCAR və Çinin "BGP Inc." şirkəti isə birgə layihələrin həyata keçirilməsi və tərəfdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bundan əlavə, Azərbaycanın fındıq və badam məhsullarının Çin bazarına çıxışı ilə bağlı əldə olunan razılaşmalar iki ölkə arasında qeyri-neft ixracının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Çin arasında əməkdaşlığın vacib istiqamətlərindən biri də Orta Dəhlizin inkişafıdır. Azərbaycanın strateji coğrafi mövqeyi və nəqliyyat-logistika imkanları Çini Avropa bazarları ilə birləşdirən bu marşrutun əhəmiyyətini artırır. Son illərdə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər nəqliyyat infrastrukturu layihələri çərçivəsində əməkdaşlığın genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların həcminin artmasına və regionun tranzit potensialının güclənməsinə töhfə verir.

Bu xüsusda Azərbaycan–Çin əməkdaşlığının önəmli istiqamətlərindən biri kimi nəqliyyat və logistika əlaqələri ön plana çıxır. Azərbaycan “Kəmər və Yol” təşəbbüsündə mühüm tranzit ölkə rolunu oynayır, xüsusilə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çin–Avropa yükdaşımalarında alternativ və təhlükəsiz marşrut təqdim edir. Orta Dəhliz Çin üçün Rusiya üzərindən keçən Şimal marşrutuna və dəniz yoluna alternativdir. Dünya Bankının və Asiya İnkişaf Bankının hesabatlarında bu dəhliz risklərin diversifikasiyası baxımından strateji alternativ kimi qiymətləndirilir. Azərbaycan isə bu marşrutda multimodal daşımaların mərkəzi, Xəzər keçidinin əsas təşkilatçısı, real vaxt monitorinq və rəqəmsal logistika həllərinin tətbiq olunduğu platforma rolunu oynayır. Bütün bunlar isə ölkəyə qlobal kontektsdə diqqət və marağı birə-beş artırıb və Orta Dəhliz baxımından ortaq əməkdaşlıq addımları dəhlizin inkişafında müstəsna önəm kəsb edib.

Yeri gəlmişkən, Azərbaycan sözügedən nəqliyyat marşurutunun əsas sütun ölkələrindən hesab edildiyindən Çinin də marağını üzərinə cəlb etməyi bacarıb. Belə ki, bu istiqamətdə 2025-ci ilin oktyabrında “Azərbaycan Dəmir Yolları” QSC ilə Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum multimodal daşımaların genişləndirilməsi, konteyner qatarlarının optimallaşdırılması və yükdaşımaların real vaxt rejimində monitorinqini əhatə edir.

Dəhliz vasitəsilə yükaşırmalarda da əhəmiyyətli artım qeydə alınıb. Belə ki, Orta Dəhliz boyunca yükdaşımalar son altı ildə beş dəfə artaraq ildə 4 milyon tonu keçib. Bu, əsasən dəniz nəqliyyatının inkişafı və təkmilləşdirilmiş liman infrastrukturu sayəsində mümkün olub.

Dəhlizin ortaq maraqlar çəçivəsində inkişafı ilə gəlcəkdə yükaşırma qabiliyyətinin daha da artacağı isə istisna edilmir.

Azərbaycanla Çin arasında əsas əməkdaşlıq istiqamətlərindən biri də enerji sektorudur. Enerji sahəsində əməkdaşlıq təkcə investisiya layihələri ilə məhdudlaşmır, həm də ölkənin dayanıqlı inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilir. Artıq deyə bilərik ki, Azərbaycan–Çin enerji əməkdaşlığı ənənəvi enerji sahəsindən kənara çıxaraq yaşıl keçid mərhələsinə daxil olub. Bu, həm Azərbaycanın 2030 və 2050 iqlim hədəflərinə, həm də Çinin qlobal yaşıl texnologiya ixracı strategiyasına uyğundur. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası (KES) və Qobustan Günəş Elektrik Stansiyası (GES) kimi layihələr Çin şirkətlərinin təkcə podratçı deyil, texnologiya və maliyyə tərəfdaşı rolunda çıxış etdiyini göstərir.

Azərbaycan–Çin iqtisadi əməkdaşlığının mühüm istiqamətlərindən biri də sənaye və "yaşıl enerji" texnologiyalarının lokallaşdırılmasıdır. Bu baxımdan, Ələt Azad İqtisadi Zonası (ƏAİZ) iki ölkə arasında sənaye tərəfdaşlığının yeni platformasına çevrilir. Zonada rəsmi qeydiyyatdan keçən ilk Çin şirkəti olan "Sunsync" burada günəş paneli istehsalı müəssisəsi yaratmağa hazırlaşır.

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Trend-ə müsahibəsində bildirib ki, şirkət ilk mərhələdə qabaqcıl texnologiyalarını Azərbaycana gətirərək ƏAİZ-də 23 hektarlıq ərazidə günəş paneli istehsalı müəssisəsi quracaq. Onun sözlərinə görə, istehsal ediləcək məhsulların əsas hissəsi ixraca yönəldiləcək və məqsəd təkcə daxili bazarı deyil, beynəlxalq bazarları da əhatə etməkdir.

"İlk gündən məqsəd ondan ibarətdir ki, tək Azərbaycan bazarı yox, dünya bazarına çıxaq. Ələt Azad İqtisadi Zonasında istehsal olunacaq günəş panellərindən burada fəaliyyət göstərəcək müəssisələrin dam örtüklərində istifadə etməyi investorlara tövsiyə edirik. Eyni zamanda şirkət Azərbaycanda keçiriləcək bütün müvafiq tenderlərdə də iştirak edə biləcək", – deyə Valeh Ələsgərov bildirib.

O qeyd edib ki, "Sunsync" istehsala başladıqdan sonra Azərbaycanda günəş elektrik stansiyaları inşa edən şirkətlər üçün panellərin ölkə daxilindən təmin edilməsi həm logistika, həm də xərc baxımından daha əlverişli olacaq.

"Biz şirkətə Ələt Azad İqtisadi Zonasında günəş elektrik stansiyası tikmək üçün də ərazi təklif etmişik. Beləliklə, burada istehsal ediləcək panellərdən istifadə etməklə tikilən stansiyada istehsal olunacaq 'yaşıl enerji'nin ƏAİZ-də fəaliyyət göstərən müəssisələrə satılması imkanı yarana bilər", – deyə o əlavə edib.