05 avqust 2026 21:29
108

Əlilliyi olan şəxslərlə bağlı keçirilmiş onlayn ictimai sorğunun nəticələrinə dair açıqlama

Ombudsman tərəfindən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi qismində ilk dəfə olaraq rəsmi sayt üzərindən həyata keçirilən onlayn ictimai sorğu yekunlaşıb.

Sorğunun nəticələri əlilliyi olan şəxslərlə bağlı cins, yaş, yaşayış yeri, əlillik səbəbi, təhsil, məşğulluq, ailə vəziyyəti, mənzil şəraiti, ayrı-seçkiliyə məruz qalma halları, ölkədə əlillik siyasətinin qiymətləndirilməsi, hüquqların daha çox pozulduğu sahələr və müraciət edilən qurumlar barədə məlumatları özündə əks etdirir. Sorğuda müxtəlif spektrli sualların yer alması əlilliyi olan şəxslərin iştirakı ilə onların ehtiyaclarının daha aydın şəkildə müəyyən edilməsinə və qarşılaşdıqları problemlərin aşkarlanmasına şərait yaradır.

Ombudsmanın müstəqil monitorinq qrupu tərəfindən toplanmış bu məlumatlar, həmçinin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirməsi, əlilliyi olan şəxslərin bərabərhüquqlu və layiqli həyat səviyyəsinə nail olmaq məqsədilə gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün informasiya bazasının yaradılması və sübutlara əsaslanan siyasət formalaşmasına töhfə verilməsi baxımından əhəmiyyətlidir.

Təkliflər hissəsində əlilliyi olan şəxslərin qeyd etdiyi əsas məsələlər sırasında işlə təmin olunmaqla bağlı çətinliklər, mənzil təminatında problemlər, əlilliyin müəyyən edilməsi və yenidən qiymətləndirilməsi ilə bağlı narazılıqlar, əlillik dərəcəsi verilməsindən imtina halları, maddi təminatın aşağı olması, müavinətlərin artırılması və əlavə güzəştlər verilməsi, xüsusilə qəsəbə və kəndlərdə ictimai infrastrukturun, habelə nəqliyyatın müyəssərliyi məsələsi, bank xidmətlərinə çıxışla bağlı çətinliklər, elektron xidmətlərdən istifadə sahəsində çatışmazlıqlar, reabilitasiya vasitələri ilə təminatda mövcud vəziyyət, bəzi xəstəliklərlə bağlı dövlət hesabına dərman təminatı və s. öz əksini tapmışdır.

Bildiririk ki, respondentlər tərəfindən təkliflər bölməsində qaldırılan problemlərlə bağlı ümumiləşdirmə aparılır və təhlillər əsasında Ombudsmanın illik məruzələrində həmin məsələlərlə bağlı tövsiyələr hazırlanacaqdır.

Eyni zamanda, xüsusi aktuallıq kəsb edən məsələlərlə bağlı aidiyyəti qurumlara məktublar ünvanlanıb. Həmçinin məsul qurumlarla bu mövzularla əlaqədar müzakirələr aparılması üçün görüşlərin təşkil edilməsi nəzərdə tutulur.

Yekunda sorğuda iştirak edən və rəylərini paylaşan hər kəsə təşəkkürümüzü bildirir, cəmiyyətdə inklüzivliyin təmin olunması istiqamətində həyata keçirilən təşəbbüslərə davamlı dəstəyimizi ifadə edirik.