06 avqust 2026 13:09
112

Azərbaycanın xarici işlər naziri İrpen şəhərində olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpen şəhərində olub.

“İki sahil” xəbər verir ki, nazir Ceyhun Bayramov əvvəlcə Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad edib.

Ceyhun Bayramov sonra Azərbaycan Hökumətinin yardımı və dəstəyi nəticəsində bərpa olunmuş İrpen Şəhər Mərkəzi Poliklinikasına baş çəkib.

Nazir Ceyhun Bayramova məlumat verilib ki, Azərbaycan hökumətinin yardımı ilə İrpendə fəal hərbi əməliyyatlar zamanı ciddi ziyan dəymiş şəhər poliklinikasının bərpası tez bir zamanda başa çatdırılaraq Ukrayna hakimiyyət orqanlarına təhvil verilib. Bu tibb müəssisəsi Azərbaycan hökumətinin dəstəyi və Ukraynanın enerji sektorunda aparıcı Azərbaycan brendi olan “SOCAR Ukraine” şirkətinin maliyyə dəstəyi ilə təmir edilib. Poliklinikanın fasadı və dam örtüyü yenilənib, bütün pəncərələr dəyişdirilib, müasir yanğından mühafizə və havalandırma sistemləri quraşdırılıb. Eyni zamanda, obyektin zirzəmisində tamamilə yeni sığınacaq tikilib.

Ceyhun Bayramov sonra Azərbaycan Hökumətinin yardımı və dəstəyi nəticəsində bərpa olunmuş akademik Zərifə Əliyeva adına 12 saylı İrpen Humanitar “Linqvist” liseyinə gəlib. Zərifə xanım Əliyevanın adını daşıyan muzeylə tanışlıq zamanı bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə məktəb qısa zamanda əsaslı təmir edilib.

Eyni zamanda, elektrik enerjisi probleminin həlli məqsədilə orta məktəb generatorla da təmin olunub.

Ceyhun Bayramov daha sonra Azərbaycan hökuməti tərəfindən planlaşdırılan yenidənqurma layihələri ilə tanış olub. Qeyd edilib ki, Azərbaycan dövləti İrpendə daha dörd irimiqyaslı yenidənqurma layihəsi həyata keçirməyi planlaşdırır.