08 avqust 2026 10:44
208

Azərbaycan-Ermənistan sülh prosesi: yeni geosiyasi reallıqlar və ABŞ faktoru

Vaşınqtonda Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dair sənədin imzalanmasından bir il ötür. Ötən dövr ərzində baş verən hadisələri dəyərləndirərkən ilk növbədə geosiyasi konteksti müqayisə etmək vacibdir. Əgər Azərbaycan, Ermənistan və ABŞ arasında formalaşan dinamikadan söhbət gedirsə, burada 3 istiqaməti nəzərdən keçirmək daha doğru olar: Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-ABŞ münasibətləri və Ermənistan-ABŞ münasibətləri.

Azərbaycan və Ermənistan arasındakı münasibətlərə nəzər saldıqda demək olar ki, proses bir il əvvəl formalaşan ssenari üzrə inkişaf edir. Azərbaycan ardıcıl və düşünülmüş şəkildə sülh prosesinin irəliləməsinə yönəlmiş addımlar atır. Yaranmış müsbət dinamika davam edir. Azərbaycan daha çox praktik xarakter daşıyan addımlar atır. Buraya Ermənistan istiqamətində yüklərin ölkəmizin ərazisindən tranzitinin təşkili, logistika və ticari məsələlərin həlli, eləcə də Ermənistanın idman nümayəndə heyətlərinin Azərbaycana səfərləri kimi konkret nümunələr daxildir. Bu amillər real əməkdaşlıq mühitinin formalaşdırılmasına xidmət edən addımlardır.

Ermənistan tərəfi isə əsasən, simvolik xarakterli addımlarla çıxış edir. Rəsmi şəxslərin barışığa çağıran bəyanatları, Baş nazir Nikol Paşinyanın Qarabağ məsələsinə dair əvvəlki yanaşmaların səhv olduğunu etiraf etməsi, parlament sədri Alen Simonyanın çıxışlarında Qarabağ mövzusunun artıq bağlanmış səhifə kimi təqdim olunması bu qəbildən olan nümunələrdir. Beləliklə, iki yanaşma arasındakı fərq aydın şəkildə nəzərə çarpır. Azərbaycan daha çox konkret və əməli addımlara üstünlük verdiyi halda, Ermənistanın yanaşmasında bəyanatlar və siyasi ritorika daha qabarıq görünür. Bununla belə, praktik nəticələr hələlik məhdud olaraq qalır. Bu vəziyyət müəyyən mənada obyektiv amillərlə də şərtlənir. Coğrafi mövqe, iqtisadi potensial və demoqrafik göstəricilər baxımından Ermənistanın manevr imkanları Azərbaycanla müqayisədə məhduddur. Bununla belə, Azərbaycanın əsas gözləntisi - ölkənin əsas hissəsi ilə Naxçıvan arasında etibarlı nəqliyyat əlaqəsinin təmin edilməsi məsələsi dəyişməz olaraq qalır. Bu faktor davamlı sülhün vacib elementlərindən biri hesab olunur. Ermənistan Konstitusiyası məsələsi də həll olunmamış qalır. Ermənistan həmin məsələni prinsip etibarilə rədd etmir, lakin onun həyata keçirilməsi istiqamətində də tələsik davranmır, bu isə prosesin ləngiməsinə səbəb olur.

Bir il əvvəl Ermənistan rəhbərliyi qarşıdan gələn seçkiləri əsas gətirərək daha ehtiyatlı mövqe tutduğunu bildirirdi. Həmin seçkilər artıq geridə qalıb və hökumət yeni mandat əldə etdi. Ermənistanın daxili siyasi prosesləri Paşinyan hakimiyyətinin sülh gündəliyini əsasən, cəmiyyətin sifarişinə uyğun şəkildə irəli apardığını nümayiş etdirir. Böyük ehtimalla, Ermənistan cəmiyyətinin əksəriyyəti artıq yeni müharibə istəmir. Lakin bu yanaşma bütün siyasi elita üçün xarakterik deyil. Erməni diasporunun və siyasi dairələrin müəyyən hissəsi hələ də Azərbaycan-Ermənistan qarşıdurmasını daxili siyasi məqsədlər üçün istifadə edir. Əgər Nikol Paşinyan həqiqətən sülhün tərəfdarıdırsa, o zaman bu prosesi daha sürətlə irəli aparmalı və tam olaraq sülh sazişinə mümkün qədər tez nail olmağa çalışmalıdır.

Azərbaycan-ABŞ münasibətlərində müsbət dinamika davam edir. Hər iki ölkənin əməkdaşlığı müsbət istiqamətdə inkişaf edir. Son iki il ərzində tərəflər arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılıb. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, son aylar ərzində ABŞ administrasiyasının diqqəti əsasən, Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələrə yönəlib. Bu şəraitdə Azərbaycanın balanslı siyasəti xüsusi əhəmiyyət daşıyır. Rəsmi Bakı Vaşinqtonla konstruktiv münasibətləri inkişaf etdirsə də, nə birbaşa, nə də dolayısı ilə ABŞ-ın İrana qarşı hər hansı geosiyasi qarşıdurmasının tərkib hissəsinə çevrilmir. Məhz bu yanaşma Azərbaycanın müstəqil xarici siyasət kursunun daha bir göstəricisidir. ABŞ ilə əməkdaşlığın genişləndirilməsi vacib olsa da, Azərbaycanın başqa dövlətlərin regional qarşıdurmalarında vasitəyə çevrilməməsi ölkəmiz üçün prinsipial əhəmiyyət daşıyır. Düşünürəm ki, yaxın perspektivdə ABŞ diplomatiyasının Cənubi Qafqaza marağı yenidən artacaq. Bunun əsas səbəbi ondan ibarətdir ki, rəsmi Vaşinqton zaman keçdikcə İranla bağlı gündəmdə müəyyən sabitliyə nail olacaq və diqqətini yenidən digər strateji istiqamətlərə yönəldəcəkdir.

Cənubi Qafqaz və Mərkəzi Asiya ABŞ üçün bir sıra səbəblərə görə əhəmiyyətini qoruyur. Həm Rusiya-Ukrayna münaqişəsi ətrafında aparılan diplomatik proseslər, həm də İranla bağlı təhlükəsizlik məsələləri regional kontekstdə strateji əhəmiyyət daşıyır. Bu səbəbdən yaxın dövrdə ABŞ-ın regionda diplomatik fəallığının yeni mərhələyə keçəcəyini gözləmək olar. Eyni zamanda, Azərbaycan-ABŞ münasibətləri haqqında danışanda Strateji Tərəfdaşlıq haqqında Xartiyanın önəmini xüsusilə qeyd etmək istərdim.

10 fevral 2026-cı il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya ikitərəfli əməkdaşlığın inkişafı üçün mühüm institusional çərçivə rolunu oynayır. Bu sənəd iki ölkəyə yeni layihələrin həyata keçirilməsi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Xartiyanın imzalanmasından cəmi bir neçə ay sonra ABŞ-ın yüksək səviyyəli hökümət və biznes nümayəndə heyəti ölkəmizə səfər etdi. Səfər çərçivəsində Azərbaycan ilə ABŞ arasında ilk İqtisadi Dialoq iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində Bakıda keçirildi, iri həcmli iqtisadi sazişlər paketi imzalandı. Bu razılaşmalar milyardlarla dollar dəyərində investisiya və iqtisadi əməkdaşlıq layihələrini əhatə edir ki, bütün bunlar Xartiyanın artıq konkret praktiki nəticələr verməyə başladığını nümayiş etdirir. Bununla yanaşı, Strateji Tərəfdaşlıq haqqında Xartiya təkcə iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Enerji təhlükəsizliyi, nəqliyyat və logistika, rəqəmsal inkişaf, regional bağlantılar, investisiyalar, eləcə də digər strateji istiqamətlərdə yeni birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Məhz buna görə də Xartiyanın əsas nəticəsi yalnız imzalanmış sənəd deyil, onun əsasında formalaşan uzunmüddətli əməkdaşlıq platformasıdır.

Nigar Arpadarai,

Milli Məclisin deputatı