10 avqust 2026 01:44
77

Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib

Fransanın büdcə naziri David Amiel hökuməti dövlət xərclərinin azaldılması ilə bağlı populyar olmayan tədbirləri 2027-ci il prezident seçkilərinədək təxirə salmadan həyata keçirməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Financial Times yazıb.

Amielin sözlərinə görə, dövlət maliyyəsinin qaydaya salınması əsas prioritet olmalıdır, çünki Fransa büdcə kəsirinin daha da artmasına yol verə bilməz.

Nazir ölkənin dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib və prezidentliyə namizədləri seçiciləri cəlb etmək məqsədilə dövlət xərclərinin artırılacağına dair vədlərdən imtina edərək real seçki proqramları təqdim etməyə çağırıb.

Amiel mümkün tədbirlərdən biri kimi pensiyaların və bir sıra sosial müavinətlərin indeksləşdirilməsinin dondurulmasını nəzərdən keçirməyi təklif edib. Onun sözlərinə görə, son 50 ildə Fransada dövlət xərclərinin artımının 80 faizi sosial sahənin payına düşüb.