10 avqust 2026 13:19
73

Ankara, İslamabad və Ər-Riyad birgə təlimlər keçirəcək

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə texnologiyaları sahəsində səylərini birləşdirəcək, hərbi təcrübə mübadiləsi aparacaq və birgə təlimlər keçirəcəklər. Bu, Türkiyə parlamentinin payız sessiyasında ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək Məkkə sazişində nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, üç ölkə arasında hərbi əməkdaşlıq yolunda ilk addım ordular arasında heyət mübadiləsi olacaq ki, bu da uzunmüddətli hərbi tərəfdaşlığın təməlini qoyacaq. Birgə təlimlərin keçirilməsi potensial böhran vəziyyətlərində üç ölkənin Silahlı Qüvvələrinin əməliyyat uyğunluğunu artırmağa xidmət edəcək.

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə həmçinin hərbi-sənaye kompleksi sahəsində fəal əməkdaşlıq etməyi, bu məqsədlə istehsal, texnoloji və elmi-tədqiqat imkanlarından istifadə etməyi planlaşdırırlar.

Qəzet qeyd edir ki, saziş çərçivəsində yaradılacaq erkən xəbərdarlıq mexanizmi paktın çəkindirici potensialını gücləndirəcək.

Məkkə sazişini avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.

Saziş ölkələrdən birinə hücumun razılaşmanın bütün iştirakçılarına qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur.