Naxçıvanın iqtisadi inkişafında yeni mərhələnin başlanması üçün əsas gözləntilərdən biri regionun nəqliyyat imkanlarının genişlənməsi ilə bağlıdır. Uzun illər Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsinin olmaması Naxçıvanın iqtisadi potensialının tam reallaşdırılmasına ciddi məhdudiyyətlər yaradıb. Məhdud daxili bazar, yüksək logistika xərcləri və xarici bazarlara çıxış imkanlarının məhdudluğu regionda özəl investisiyaların və iqtisadi fəallığın genişlənməsinə təsir göstərən əsas amillər sırasında olub.
Hazırda isə Azərbaycanın nəqliyyat xəritəsində baş verən dəyişikliklər Naxçıvanın qarşısında tamamilə yeni perspektivlər açır. Zəngəzur dəhlizi üzrə nəzərdə tutulan beynəlxalq tranzit marşrutunun reallaşması Naxçıvanın yalnız ölkənin digər bölgələri ilə nəqliyyat əlaqələrinin güclənməsinə deyil, həm də regional və beynəlxalq logistika sisteminə daha sıx inteqrasiyasına imkan yarada bilər. Bu baxımdan Naxçıvanın gələcək iqtisadi modelinin dövlət dəstəyindən daha çox tranzit, logistika, ticarət, istehsal və ixrac imkanları üzərində qurulması məsələsi aktuallaşır.
Marşrutun fəaliyyətə başlaması ilə Naxçıvanın coğrafi mövqeyi iqtisadi üstünlüyə çevrilə, region yeni investisiya layihələri üçün daha cəlbedici məkana çevrilə bilər. Eyni zamanda, nəqliyyat bağlantılarının genişlənməsi enerji və bərpa olunan enerji sahəsində də yeni imkanların yaranmasına şərait yarada bilər.
Bəs Naxçıvanın iqtisadi potensialının tam üzə çıxması üçün tranzit marşrutunun açılması nə dərəcədə həlledici amildir?

İqtisadçı Xalid Kərimli "İki sahil"ə açıqlamasında bildirdi ki, Naxçıvanın sosial-iqtisadi inkişafı birbaşa olaraq Zəngəzur dəhlizinin, daha dəqiq desək, nəzərdə tutulan beynəlxalq tranzit marşrutunun fəaliyyətə başlamasından asılı olacaq. Naxçıvanın gələcək iqtisadi inkişafı və burada nəzərdə tutulan bir sıra layihələrin reallaşdırılması həmin marşrutun açılmasından sonra daha real xarakter ala bilər.
Dövlət dəstəyindən özəl sərmayəyə
Ekspert qeyd etdi ki, indiyədək Naxçıvanın sosial vəziyyətinin dəstəklənməsi, enerji və qaz təminatı əsasən dövlət büdcəsi hesabına həyata keçirilib. Lakin beynəlxalq tranzit marşrutunun fəaliyyətə başlaması ilə Naxçıvanın beynəlxalq tranzit-logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yarana bilər.
Bu halda Naxçıvan iqtisadiyyatına özəl sektor tərəfindən daha böyük həcmdə investisiyaların yatırılması mümkündür. Hazırda Naxçıvanın daxili bazarının məhdud olması və coğrafi baxımdan faktiki blokada şəraitində qalması iqtisadi fəallığın genişlənməsini çətinləşdirən əsas amillərdəndir. Azərbaycanın digər əraziləri ilə birbaşa quru əlaqəsinin olmaması da bu məhdudiyyətləri daha da artırır.
Naxçıvan enerji perspektivi də açılır
X. Kərimli diqqətə çatdırdı ki, tranzit marşrutunun fəaliyyətə başlaması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Naxçıvanın Orta Dəhlizdə mühüm nəqliyyat-logistika halqasına çevrilməsinə imkan verə bilər. Bu isə regionun dövlət büdcəsindən asılılığının tədricən azalmasına, iqtisadi fəallığın genişlənməsinə, yeni iş yerlərinin yaranmasına və investisiyaların cəlb olunmasına şərait yarada bilər.
Nəticədə Naxçıvan tranzit-logistika imkanlarından istifadə edən, ixracyönümlü və daha şaxələndirilmiş iqtisadiyyata malik regiona çevrilə bilər. Bundan əlavə, Naxçıvanın gələcəkdə enerji dəhlizi kimi də əhəmiyyəti arta bilər. Tranzit imkanlarının genişlənməsi ilə enerji resurslarının region üzərindən müxtəlif istiqamətlərə ötürülməsi, eyni zamanda Naxçıvanda yaradılan bərpa olunan enerji stansiyalarında istehsal olunan elektrik enerjisinin qonşu bazarlara ixracı üçün yeni imkanlar yarana bilər.
Nigar Orucova, "İki sahil"