12 avqust 2026 18:18
152

Qədim İpək Yolundan müasir ixrac modelinə: Naxçıvan regionun "Dubayı"na necə çevrilə bilər?

Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Naxçıvan Muxtar Respublikası yaxın illərdə Cənubi Qafqazın aparıcı logistika habına, böyük energetika qovşağına və sabitlik mərkəzinə çevrilmək istiqamətində uğurla addımlayır

Tarixən Böyük İpək Yolunun strateji qovşaqlarından biri, Şərqlə Qərbi, Şimal və Cənubu birləşdirən mühüm ticarət və sənətkarlıq mərkəzi olan Naxçıvan bu gün özünün ikinci qızıl dövrünün astanasındadır. İllərlə davam edən coğrafi təcrid və blokada şəraitindən sonra, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji layihələr və xüsusilə Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar muxtar respublikanın qarşısında misilsiz imkanlar açıb. Bu gün analitiklər və iqtisadçılar Naxçıvanın gələcək modelini müqayisə edərkən tez-tez tək bir analoqdan istifadə edirlər: Regionun əsas ticarət mərkəzi – Cənubi Qafqazın Dubayı. Dubayın səhra qumluqlarından dünya ticarətinin və maliyyəsinin mərkəzinə çevrilməsi təkcə neftlə deyil, düzgün re-ixrac modeli, azad iqtisadi zonalar, gömrük rüsumlarının sıfırlanması və qabaqcıl logistik infrastruktur vasitəsilə baş verdi. Eyni imkanlar və unikal coğrafi üstünlüklər bu gün Naxçıvan üçün də mövcuddur.

Dörd dövlətin qovşağında ticarət habı

Dubayın Fars körfəzi və Asiya-Avropa ticarət yolları üzərində yerləşməsi kimi, Naxçıvan da unikal ticarət coğrafiyasına malikdir. Bölgə birbaşa dörd dövlətin — Azərbaycan, Türkiyə, İran və Ermənistanın kəsişmə nöqtəsində yerləşir. Tarixən Böyük İpək Yolu üzərində mühüm ticarət və sənətkarlıq qovşağı olmuş bu qədim diyar, günümüzdə regional nəqliyyat, logistika və re-ixrac habına çevrilmək üçün bütün zəruri şərtlərə sahibdir. Belə ki, Naxçıvanın dörd dövlətlə həmsərhəd olması ona yalnız tranzit dəhlizi kimi deyil, həm də müxtəlif bazarların toqquşduğu və mal mübadiləsinin aparıldığı qovşaq (hub) kimi çıxış etməyə imkan verir: Türkiyə İstiqaməti (Sədərək / Umut Körpüsü): Azərbaycanın Türk dünyası və Avropa bazarlarına açılan yeganə birbaşa quru sərhədidir. Kars–Naxçıvan dəmir yolu xəttinin reallaşdırılması ilə bu istiqamət illik milyonlarla ton yükün daşınacağı əsas magistrala çevriləcək. İran İstiqaməti (Culfa və Şahvaxtı): Naxçıvan İran üzərindən Fars körfəzinə, Yaxın Şərqə və BƏƏ-yə ən qısa çıxış yoludur. Culfa gömrük məntəqəsi tarixən regionun en böyük dəmir yolu və yük terminallarından biri olub. Ermənistan İstiqaməti (Zəngəzur Dəhlizi): Sülh prosesinin və komunikasiyaların açılması Naxçıvanı daxili blokadadan tamamilə çıxaracaq. Bu dəhliz Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirməklə yanaşı, Ermənistan üçün də regional ticarətə qoşulma imkanı yaradacaq. Ən əsası, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası ilə birbaşa inteqrasiya olunacaq.

Azad İqtisadi Zona və Offşor İmkanları

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində muxtar respublikada Azad İqtisadi Zonanın yaradılması prioritet vəzifə kimi müəyyən edilib. Bu addım Naxçıvanın iqtisadiyyatını gücləndirərək xarici investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Azad İqtisadi Zona yaradıldığı halda Naxçıvan idxal-ixrac əməliyyatlarını intensivləşdirərək, bu sahədə dövlət tərəfindən edilən güzəştlər sayəsində regional və beynəlxalq bazarlara çıxış imkanları qazanacaq. Vergi və gömrük güzəştlərinin tətbiqi, biznesin və sənayenin inkişafı üçün əlverişli şəraitin yaradılması yerli sahibkarlarla yanaşı, xarici investorların da maraqlarını bu bölgəyə cəlb edəcək. Belə bir şəraitdə sənaye və istehsalatın inkişafı əsas iqtisadi sahələr kimi nəzərdə tutula bilər.

Logistika və nəqliyyat infrastrukturunun gücləndirilməsi də bu prosesin əsas hissələrindən biri olacaq. Zəngəzur dəhlizi məsələsinin həlli ilə Naxçıvan həm də mühüm tranzit bölgə rolunu oynayacaq. Bu da, öz növbəsində, Naxçıvanın sosial-iqtisadi inkişafına təsirini göstərəcək. Sadalanan bu amillər nəzərə alındıqda, Naxçıvanın Azad İqtisadi Zona kimi formalaşması təkcə muxtar respublikanın deyil, bütövlükdə, Azərbaycanın iqtisadi strategiyasına böyük töhfə verəcək. Bu model sayəsində regionda iqtisadi inkişafın sürətlənməsi və yerli sahibkarlığın güclənməsi Naxçıvanı beynəlxalq ticarət mərkəzinə çevirəcək.

"Yaşıl enerji" və yüksək texnologiyalar mərkəzi

Naxçıvan təkcə ticarət deyil, eyni zamanda daha tez texnologiya və "yaşıl iqtisadiyyat" mərkəzinə çevrilmək gücündədir. Naxçıvanın "Yaşıl Enerji Zonası" elan edilməsi, Masdar, TotalEnergies kimi nəhənglər tərəfindən tikilən günəş və külək elektrik stansiyaları buranı ucuz və ekoloji təmiz enerji mənbəyinə çevirir. Naxçıvanda “yaşıl enerji” ilə bağlı proseslər artıq ideya və perspektiv mərhələsindən çıxaraq konkret layihələr müstəvisinə keçib. Bu gün bölgənin enerji xəritəsində görünən ən mühüm yeniliklərdən biri ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarının yaradılmasıdır. Prezident İlham Əliyevin avqustun 11-də bu stansiyalarda görülən işlərlə tanış olması da layihələrin Naxçıvanın gələcək iqtisadi inkişafı baxımından daşıdığı əhəmiyyəti göstərir. 25 MVt gücündə olan “Şəms 1” layihəsi bərpaolunan enerji mənbələri ərazisində ayrılmış 52 hektarlıq sahəni əhatə edir. Layihəni həyata keçirən “CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin cari ilin noyabrında yekunlaşdırılması, şəbəkə infrastrukturunun inşası tamamlandıqdan sonra isə stansiyanın istismara verilməsi nəzərdə tutulur. Stansiyanın fəaliyyətə başlaması ilə onun hər il təxminən 57 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu həcm təqribən 19 min ev təsərrüfatının enerji təminatına bərabərdir. Lakin layihənin əhəmiyyəti yalnız istehsal olunacaq elektrik enerjisinin miqdarı ilə ölçülmür. Günəş enerjisindən istifadənin genişlənməsi eyni zamanda təbii qaz sərfiyyatının və karbon emissiyalarının azalmasına imkan verəcək. Naxçıvanda bərpaolunan enerjiyə keçidin daha bir mühüm ünvanı gücü 25 MVt olan “Qərbi Üfüq” layihəsi 50 hektarlıq sahədə reallaşdırılacaq. Stansiyanın istismara verilməsi ilə hər il təxminən 61 milyon kilovat-saat elektrik enerjisinin istehsalı mümkün olacaq. Bu isə 21 minə yaxın ev təsərrüfatının enerji təminatına töhfə deməkdir. Layihə digər bir səbəbdən də əhəmiyyətlidir. Günəş enerjisindən istifadə nəticəsində hər il təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı, eyni zamanda 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi gözlənilir. Beləliklə, “Qərbi Üfüq” həm enerji təminatının şaxələndirilməsinə, həm də ətraf mühitin qorunmasına xidmət edəcək.

Dövlət başçısının muxtar respublikaya səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə regionun gələcək inkişaf vektorunu xarakterizə edərək Naxçıvanın gələcək inkişafı ilə bağlı çox aydın təsəvvürümüz və konseptual proqramlarımızın olduğunu deməsi, muxtar respublikanı Avrasiyanın ən müasir nəqliyyat, logistika və yaşıl enerji mərkəzlərindən birinə çevirməkdə qərarlıq ifadə edilməsi əslin dövlət başçısının bu istiqamətdə çox aydın, regional inteqrasiya və iqtisadi sıçrayışın dayanıqlığını təmin edəcək yol xəritəsinə malik olduğunu göstərdi. Düstur isə çox sadədir - Həyata keçirilən institusional islahatlar, yaradılan azad iqtisadi zona və bərpaolunan enerji layihələri Naxçıvanın iqtisadi müstəqilliyini sarsılmaz edəcək, buraya böyük investisiya axınını təmin edəcək.

Sevinc Azadi, “İki sahil”