Naxçıvanın uzun illər blokadada olması muxtar respublikanın iqtisadi və sosial inkişafında bir sıra çətinliklər yaradıb. Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsinin olmaması yük və sərnişin daşımalarının marşrutlarını məhdudlaşdırıb, logistika xərclərinin artmasına və muxtar respublikanın beynəlxalq nəqliyyat-logistika sistemlərinə inteqrasiyasının zəifləməsinə səbəb olub. Hazırda isə regionun nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr Naxçıvanın iqtisadi inkişaf perspektivlərini əhəmiyyətli dərəcədə dəyişir. Sənaye və yol infrastrukturunun inkişafı, sosial obyektlərin yenilənməsi və yeni nəqliyyat marşrutlarının formalaşdırılması bu prosesin əsas istiqamətlərindəndir.
Mövzunu "İki sahil"ə şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov bildirib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın nəqliyyat və iqtisadi potensialının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Səfərin əsas istiqamətlərindən biri Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi və bu imkanlar əsasında yeni ixrac və tranzit marşrutlarının formalaşdırılmasıdır.

Regionda baş verən geosiyasi və infrastruktur dəyişiklikləri Naxçıvanın nəqliyyat funksiyasına yeni yanaşma formalaşdırıb. Xüsusilə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər Naxçıvanın da blokadadan çıxması üçün real imkanlar yaradıb. İşğaldan azad edilmiş ərazilərdə yol və dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi, Zəngəzur istiqamətində nəqliyyat bağlantılarının gündəmə gəlməsi və Naxçıvanın Türkiyə ilə birbaşa nəqliyyat əlaqələrinin genişləndirilməsi muxtar respublikanın blokadada yerləşən ərazi statusundan regional nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində yeni imkanlar yaradıb. Muxtar respublikanın iqtisadi əlaqələri uzun müddət əsasən İran və Türkiyə üzərindən həyata keçirilib. Belə coğrafi vəziyyət isə nəqliyyat marşrutlarının seçimini məhdudlaşdırmaqla yanaşı, Naxçıvanın tranzit potensialının tam reallaşdırılmasına da mane olub.
Dövlət başçısının Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə Zəngəzur dəhlizi ilə bağlı qeyd etdiyi kimi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən nəqliyyat bağlantısının yaradılması uzunmüddətli strateji hədəflərdən biridir. Prezident İlham Əliyev bu istiqamətdə prosesin artıq konkret mərhələyə keçdiyini və 2025-ci il 8 avqust tarixində Vaşinqtonda əldə edilmiş razılaşmalardan sonra TRIPP layihəsinin icrasına başlanıldığını bildirib.
Aqil Əsədov qeyd edib ki, Zəngəzur dəhlizinin həm Orta Dəhliz, həm də Şimal–Cənub dəhlizi ilə əlaqələndirilməsi nəzərdə tutulur ki, bu da Naxçıvanın bir qovşaq kimi hansı üstünlüklər əldə edəcəyini təsəvvür etməyə imkan yaradır. Eyni zamanda, Zəngəzur dəhlizinin istifadəyə verilməsi təkcə Azərbaycan üçün yox, daha geniş coğrafiya üçün əhəmiyyətli olacaq. Belə ki, Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm komponenti olmaqla yanaşı, həm də Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Beləliklə də, Şimal-Cənub nəqliyyat dəhlizinin Astara (Azərbaycan)-Astara (İran) keçidindən başqa yeni bir istiqaməti Culfa (Azərbaycan)-Culfa(İran) keçidi də mümkün olacaq ki, bu da regionun və dəhlizin imkanlarını daha da genişləndirəcəkdir.
İİTKM-in şöbə müdiri qeyd edib ki, Naxçıvanın gələcək nəqliyyat qovşağı kimi inkişafını yalnız Azərbaycanın əsas hissəsi ilə əlaqə çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Onun əsas üstünlüyü Azərbaycan–Türkiyə–Avropa və Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Türkiyə istiqamətlərinin kəsişməsində yerləşmə potensialıdır. Qars-İğdır-Naxçıvan dəmir yolunun başa çatdırılması və bu yolun Zəngəzur dəhlizinin davamı kimi fəaliyyəti həm də bölgədə dairəvi bir marşrut formalaşdıracaq. Bu isə nəinki Naxçıvanın, bütövlükdə regionun iqtisadi aktivliyini təmin edəcək, yeni bazarlar, yeni investisiya imkanları yaradacaq. Zəngəzur dəhlizi ilk dövrlərdə nəqliyyat seqmentini nəzərdə tutsa da, artıq müasir dəhlizə yanaşma daha geniş əhatəlidir. Dəhliz vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi, gələcəkdə neft-qaz ehtiyatlarının xarici bazarlara çıxarılması üçün yeni marşrutların yaradılması imkanları da mövcuddur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “...bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər”.
Beləliklə, dövlət başçısının səfər proqramından da göründüyü kimi, Naxçıvan Muxtar Respublikasının inkişafında əsas strateji dəyişiklik “blokadada olan ərazi” modelindən “regional nəqliyyat və logistika qovşağı” modelinə keçiddir. Bu transformasiyanın əsasını Azərbaycan ərazisində yeni yol və dəmir yolu infrastrukturunun yaradılması, Naxçıvanın Türkiyə və İranla mövcud əlaqələrinin genişləndirilməsi, Zəngəzur dəhlizinin formalaşdırılması, TRİPP layihəsinin icrası istiqamətində atılan addımlar və Naxçıvan dəmir yolunun beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiyası təşkil edir. Azərbaycanın Şərqə və Avropaya çıxış qapısı olan Naxçıvan həm də Avrasiya məkanında mühüm nəqliyyat-logistika qovşağı kimi mövqeyini möhkəmləndirir.
Nəticə etibarilə, Zəngəzur dəhlizinin və digər alternativ marşrutların inkişafı Naxçıvan üçün sadəcə blokadadan çıxış məsələsi deyil. Bu proses Naxçıvanın Azərbaycan, Türkiyə, İran, Mərkəzi Asiya və Avropa arasında yük və sərnişin axınlarını birləşdirən çoxfunksiyalı nəqliyyat-logistika qovşağına çevrilməsi üçün strateji imkan yaradır. Bu imkanın reallaşdırılması üçün isə nəqliyyat infrastrukturunun tikintisi ilə yanaşı, logistika terminallarının, rəqəmsal idarəetmə sistemlərinin, gömrük xidmətlərinin və multimodal daşımaların vahid sistemdə inteqrasiyası zəruridir.