Sülh Şurasının baş direktoru Nikolay Mladenov təşkilatla HƏMAS hərəkatı arasında maliyyə sazişinin mövcudluğu barədə xəbərləri təkzib edib.
“İki sahil” xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Sülh Şurası ilə HƏMAS arasında maliyyə sazişi barədə iddialar yalandır. Belə bir təklif müzakirə olunmayıb, onunla bağlı danışıqlar aparılmayıb, o, nəzərdən keçirilməyib və gələcəkdə də keçirilməyəcək", - Mladenov yazıb.
O vurğulayıb ki, Sülh Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə planı və BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi çərçivəsində yaradılıb, bunlar da HƏMAS-ın Qəzza idarəçiliyində iştirak etməməsini və maliyyə vəsaitlərinə çıxışının olmamasını nəzərdə tutur.
"Sülh Şurasının vəsaitləri HƏMAS vasitəsilə verilmir. Hər bir müqavilə yoxlamalardan keçir və təsdiq edilir, görülən hər bir iş ödəniş həyata keçirilməzdən əvvəl yoxlanılır, bütün hesablar isə donor ölkələrin hökumətləri tərəfindən tam audit üçün açıqdır", - o qeyd edib.
Mladenov həmçinin bildirib ki, beynəlxalq sabitləşdirici qüvvələr HƏMAS-ın tərk-silah edilməsinə və Qəzzada hərəkatın iştirakı olmadan mülki idarəçiliyin yaradılmasına kömək etmək üçün nəzərdə tutulub.