13 avqust 2026 00:30
80

Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstində keçirilməsi planlaşdırılan parlament və prezident seçkilərinin uğurla nəticələnəcəyinə ümidvar olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, Türkiyə lideri Ankarada Fələstin Prezidenti Mahmud Abbasla birgə keçirdiyi mətbuat konfransında seçki proseslərinin fələstinlilər arasında barışığın irəlilədilməsi baxımından əhəmiyyətini vurğulayıb.

“Ümid edirəm ki, seçkilər Fələstində birlik və həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcək”, – deyən Türkiyə Prezidenti Ankaranın bütün platformalarda Fələstini bundan sonra da ən qətiyyətli şəkildə dəstəkləyəcəyinə əminliyini ifadə edib.

“Fələstin xalqına dəstək bütün bəşəriyyətin, xüsusilə də İslam dünyasının ümumi məsuliyyətidir. Biz paytaxtı Şərqi Qüds olan və 1967-ci il sərhədləri çərçivəsində yerləşən Fələstin uğrunda mübarizə aparacağıq”, – deyə Türkiyə Prezidenti bildirib. O, suveren Fələstin dövlətinin mövcudluğuna xələl gətirmək cəhdlərinin yolverilməz olduğunu vurğulayıb.