13 avqust 2026 13:28
101

Moldova fermerləri Ukrayna taxılının tranzitinə tətbiq edilən güzəştə etiraz ediblər

Moldova kənd təsərrüfatı istehsalçıları hökumətin öz yerli istehsalçılarının zərərinə olaraq Ukrayna taxılının dəmir yolu ilə Rumıniyaya daşınmasına 50% güzəşt tətbiq etmək qərarını kəskin tənqid ediblər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Baş nazir Vasile Tofan ilə təcili görüş tələb edən "Fermerlərin Gücü" assosiasiyasının bəyanatında bildirilir.

Assosiasiyanın bəyanatında deyilir ki, Ukrayna Baş nazirinin paylaşımından Ukrayna mallarının dəmir yolu tranzitinə 50% güzəşt edildiyini öyrəndik. Bu, daxili bazarda dənlilik və yağlı bitkilərin qiymətlərinin kəskin düşməsi riskini yaradır. Baş nazir ilə təcili görüş xahiş edirik; tələbimiz yenidən gözardı ediləcəyi təqdirdə hüquqlarımızı qorumaq üçün bütün qanuni addımları atmaq hüququmuzu özümüzdə saxlayırıq.

Təşkilat vurğulayıb ki, hakimiyyət orqanları bu tranzitin Moldova məhsullarının ixracına necə təsir göstərəcəyini izah etməyiblər. Fermerlər nəqliyyat güclərinin çatışmazlığı səbəbindən yerli məhsulların tədarükünün zərər görəcəyindən ehtiyat edirlər.

Bəyanatda həmçinin qeyd olunur: "Tranzit haqqında qərar yerli kənd təsərrüfatı istehsalçıları ilə məsləhətləşmələr aparılmadan qəbul edilib. Biz məhsul istehsal etməyimizə, kəndlərdə iş yerlərini saxlayaraq Moldova Respublikasında vergi ödəməyimizə baxmayaraq, elə bir təəssürat yaranır ki, sanki artıq mövcud deyilik".