13 avqust 2026 17:28
114

ABŞ Trampın helikopteri ilə bağlı insidentdən sonra uçuş qaydalarını dəyişəcək

ABŞ Federal Aviasiya İdarəsi (FAA) Vaşinqtondakı Ronald Reyqan adına hava limanı yaxınlığında prezidentin "Marine One" helikopteri ilə baş vermiş son insidentdən sonra hava hərəkəti qaydalarını dəyişməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazır.

Nəşrin məlumatına görə, Federal Aviasiya İdarəsi (FAA) dispetçer rabitəsi antenalarının yerini dəyişməyi, radio siqnalını gücləndirməyi, aviasiya dispetçerləri üçün əlavə təlimlər keçirməyi, habelə prezident helikopterlərinin ekipajları ilə qarşılıqlı əlaqə prosedurlarını dəyişməyi nəzərdə tutur. Bundan əlavə, "Marine One" havalanmazdan əvvəl hava məkanının mülki təyyarələrdən mütləq təmizlənməsini təmin etmək planlaşdırılır.

Qəzet qeyd edir ki, prosedurlara yenidən baxılmasına avqustun 4-də baş vermiş insident səbəb olub. Həmin vaxt ABŞ Prezidenti Donald Trampın olduğu helikopter "American Airlines" şirkətinin regional təyyarəsindən üfüqi xətt üzrə təxminən 1,7 km, şaquli xətt üzrə isə 91 metr məsafədə olub. Hərçənd ki, federal normalara əsasən minimum məsafə üfüqi üzrə 2,4 km, şaquli üzrə isə 152 metr təşkil etməlidir.

FAA-nın ilkin yoxlama məlumatlarına görə, dispetçerlər "Marine One"ın uçuşu barədə dəqiq xəbərdarlıq almayıblar və sərnişin təyyarəsinin ekipajına yaxınlıqda prezident helikopterinin olması barədə məlumat verməyiblər. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası baş verənlərlə bağlı araşdırmanı davam etdirir.