14 avqust 2026 16:01
94

Milli Məclisin komitə sədri Siyavuş Novruzov Şərur rayonunda vətəndaş qəbulları keçirib

12 və 13 avqust 2026-cı il tarixlərində 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin deputatı Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının inzibati binasında,  Şərur rayon Çərçiboğan, Xanlıqlar və Qışlaqabbas kəndləri İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin inzibati binalarında vətəndaş qəbulları keçirib.

Həmçinin, qəbullarda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev iştirak etmişdir.

Qəbullarda müraciət edənlər müharibə veteranları, qazilər, rayonun ağsaqqalları, rayon və kənd sakinləri olmuşlar.

Qəbullar zamanı Siyavuş Novruzov qazilərin qayğıları ilə maraqlanıb, vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Vətəndaşların müraciətləri əsasən yerli özünüidarəetmə və bələdiyyələrin fəaliyyəti, sosial müdafiə və pensiya təminatı, məşğulluq, maliyyə, kənd təsərrüfatı, torpaq, kənd yollarının bərpası, kəndlərdə idman infrastrukturu, o cümlədən stadionların tikintisi, dini ibadət yerlərinin, xüsusilə kənd məscidlərinin tikintisinə köməklik göstərilməsi, eləcə də kəndlərdə subartezian quyularının qazılması və digər sosial-məişət məsələlərini əhatə etmişdir.

Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.