14 avqust 2026 20:02
115

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 14-də Kürdəmir rayonunda yerləşən “Azərsüd” MMC-nin fəaliyyəti ilə tanış olub.

“İki sahil” xəbər verir ki, bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.

Bildirilib ki, AQTA-nın sədri müəssisədə südün qəbulu və emalı proseslərini izləyib, laboratoriyaya, həmçinin “Azərsüd” əmtəə nişanlı süd və kərə yağı istehsalı sahələrinə baxış keçirib.

Müəssisənin rəhbərliyi tərəfindən istehsal sahələrində həyata keçirilən işlər, istehsal proseslərinin təşkili, tətbiq olunan texnologiyalar və qida təhlükəsizliyi tələblərinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Qoşqar Təhməzli süd və süd məhsullarının istehsalı prosesində qida təhlükəsizliyi tələblərinə riayət olunmasının və istehlakçıların sağlamlığının qorunmasının vacibliyini vurğulayıb.