15 avqust 2026 21:35
114

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2025–2026-cı tədris ilində buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 144 məzun 600 baldan yuxarı nəticə ilə fərqlənib.

Regional Təhsil İdarəsindən “İki sahil”ə bildirilib ki, buraxılış və qəbul imtahanlarında Şəkinin təhsil müəssisələri üzrə 65 məzun, Qəbələ rayonu üzrə 30, Zaqatala rayonu üzrə 16, Balakən rayonu üzrə 13, Oğuz rayonu üzrə 11 və Qax rayonu üzrə 9 məzun 600-dən çox bal toplayıb.

Regionun təhsil müəssisələri üzrə ən yüksək nəticəni Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Aylin Rəhmli göstərib. O, III ixtisas qrupu üzrə imtahanlarda 685 bal toplayıb.

Oğuz rayonu üzrə ən yüksək nəticəni Oğuz rayonu Əmrah Nəbiyev adına Tərkeş kənd tam orta ümumtəhsil məktəbinin məzunu Amin Məmmədov göstərib. O, IV ixtisas qrupu üzrə imtahanlarda 683 bal toplayıb.

Şəki rayonu üzrə ən yüksək nəticəyə Şəki şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Yasin Balacazadə nail olub. O, IV ixtisas qrupu üzrə imtahanlarda 682 bal toplayıb.

Digər rayonlar üzrə ən yüksək nəticəni Qax şəhər Dilarə Əliyeva adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Günsel Şəkiliyeva IV ixtisas qrupu üzrə 671 bal, Zaqatala şəhəri Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin məzunu Vəli Bağırov I ixtisas qrupu üzrə 660 bal, Balakən rayon İmaməddin Nəsimi adına şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Hikmət Qarayev III ixtisas qrupu üzrə 656 bal toplayıb.