22 avqust 2026 18:47
75

Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq

Naxçıvanda balıqçılıq təsərrüfatı sahəsində yeni iş yerləri yaradılacaq.

Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyevin iştirakı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində Şərur rayonunda fəaliyyətə başlayan və fəaliyyətinin bərpası istiqamətində iş aparılan bir sıra akvakultura və balıqçılıq vətəgələrinə baxış keçirilib.

İcra hakimiyyətinin başçısı və nazir müavini sahibkarlarla görüşüb, onların təklif və problemləri ilə maraqlanıb, qəbul edilmiş Dövlət Proqramının mahiyyəti barədə məlumat verib, eləcə də aidiyyəti üzrə tövsiyələrini diqqətə çatdırıblar.

Şərur rayonunun Aşağı Yaycı kəndində 5 hektar ərazidə fəaliyyəti bərpa edilmiş vətəgədə sahibkar tərəfindən ilkin olaraq balıq hovuzlarının bərpa edilməsi, balıq kürülərinin saxlanılması üçün hovuzların qurulması, bir sıra avadanlıqların, həmçinin forel kürüsünün alınması, ərazidə ehtiyat su quyularının qazılması və mövcud kanalların təmizlənməsi işləri görülüb. Vətəgənin illik istehsal gücü ilkin olaraq 60 ton forel balığı nəzərdə tutulub. Sahibkarın verdiyi məlumata əsasən, balıqçılıq təsərrüfatı tam fəaliyyət göstərdikdən sonra 30 yeni iş yeri yaradılacaq.

Rayonun Dizə kəndində 1,8 hektar ərazidə fəaliyyəti yenidən bərpa edilən digər balıqçılıq vətəgəsinə də sahibkar tərəfindən, ümumilikdə, 350 min ədəd körpə sazan və belamur balıqları buraxılıb. Hazırda vətəgədə balıqlar üçün təbii yemləmə həyata keçirilir və ilkin olaraq 70 ton balığın istehsal edilməsi nəzərdə tutulub. Həmçinin sahibkar tərəfindən 2027-ci ilin əvvəlindən hovuzlarda forel balıqlarının da saxlanılması üçün tədbirlər görülür. Balıqçılıq təsərrüfatının fəaliyyətinin bərpası ilə 15 yeni iş yeri yaradılacaq.

Baxış keçirilən bir digər müəssisə isə rayonun Yuxarı Aralıq kəndində qurulan və 2010-cu ildə fəaliyyətini dayandırmış balıqçılıq müəssisəsi olub. 0,23 hektarlıq mövcud vətəgənin yenidən bərpası və muxtar respublikada ilk dəfə ixtisaslaşmış şirin su xərçəngi vətəgəsinin qurulması məqsədilə sahibkar tərəfindən su və kommunikasiya xətlərinin bərpası, sənədlərin hazırlanması və aidiyyəti üzrə müraciətlərin edilməsi istiqamətində iş aparılır. Müəssisənin fəaliyyətinin bərpası ilə 5 yeni iş yerinin yaradılması nəzərdə tutulur.