Avqustun 22-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay – 100 il: Tarixdən gələcəyə” adlı tədbir keçirilib.
Tədbir Azərbaycanda fəaliyyət göstərən Nəriman Nərimanovun Xatirə Muzeyinin təşəbbüsü və Gürcüstandakı “Maarif” təşkilatının təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində baş tutub.
Tədbiri giriş sözü ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açaraq qonaqları səmimi salamladı.
O, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş belə bir tədbirin Tbilisidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi, bu mötəbər qurultayın türk xalqlarının ortaq elmi, mədəni və mənəvi irsinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq iştirakçılara uğurlu və məhsuldar müzakirələr arzuladı.
Tədbirin aparıcısı və təşkilatçısı, Gürcüstandakı “Maarif” təşkilatının rəhbəri, iqtisad elmləri doktoru Aygül İsayeva tədbiri yüksək peşəkarlıqla idarə edərək qonaqları salamladı, iştirakçıları “Birinci Türkoloji Qurultay – 100 il: Tarixdən gələcəyə” mövzusunun əhəmiyyəti barədə məlumatlandırdı. O, çıxışında 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi, mədəni və ictimai düşüncə tarixindəki əvəzsiz rolundan danışaraq, belə tədbirlərin Türk dünyasının ortaq dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. Aygül İsayeva tədbirin təşkilində göstərilən dəstəyə görə iştirakçılara təşəkkürünü bildirdi və Azərbaycan–Gürcüstan elmi-mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.
Tədbirdə Bakıdan dəvət olunmuş alimlər, tədqiqatçılar, eləcə də Gürcüstanda yaşayan ziyalılar iştirak ediblər. Çıxışlarda Birinci Türkoloji Qurultayın türk xalqlarının elm, dil və mədəniyyət tarixində oynadığı mühüm rol, qurultay çərçivəsində müzakirə olunan dil, ədəbiyyat, tarix, etnoqrafiya, mədəniyyət və əlifba məsələləri, həmçinin bu mötəbər toplantının türkoloji elmin inkişafına verdiyi töhfələr geniş şəkildə təhlil olunub.
Tədbir zamanı qurultay iştirakçılarının zəngin elmi irsi, son yüz ildə türkoloji fikrin keçdiyi inkişaf yolu və bu irsin müasir dövrdə əhəmiyyəti ətrafında da fikir mübadiləsi aparılıb.
Konfransda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Bakı Şəhər Komitəsinin sədri Səbinə Məmmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin aparıcı məsləhətçiləri Tomris Hacıyeva və Leyla Məmmədova, idarənin sektor müdiri Vəfa Allahverdiyeva, Nəriman Nərimanovun Xatirə Muzeyinin direktoru Ləman Hüseynova, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin tarix müəllimi Qənirə Mirzəxanlı, “Maarif” təşkilatının rəhbəri, iqtisad elmləri doktoru Aygül İsayeva, Türkiyənin Gürcüstandakı səfirliyinin təhsil müşaviri Yüksəl Kara və digər qonaqlar çıxış edərək Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi və mədəni həyatındakı müstəsna yerindən danışıblar.
Tədbirdə, həmçinin Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimləri Fatma Aslan, Növrəstə Həsənova, Sevda Ayxan, yazıçı Şurəddin Məmmədli, sabiq deputat Ramiz Bəkirov, Ağsaqqallar Şurasının sədri İşaq Novruzov, "Qarapapaq" dərgisinin baş redaktoru Akif Xansultanlı və digər ziyalılar çıxış edərək Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi, mədəni və mənəvi birliyinin möhkəmləndirilməsində tarixi rolundan danışıb, ana dilinin qorunması, milli-mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsinin hər bir türk ziyalısının mühüm vəzifələrindən biri olduğunu vurğulayıblar.
Çıxışlarda vurğulanıb ki, tədbirin əsas məqsədi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini bir daha diqqətə çatdırmaq, onun ana dilinin qorunması, milli-mədəni irsin yaşadılması, elmi-mədəni əməkdaşlığın genişləndirilməsi və türk xalqları arasında əlaqələrin möhkəmləndirilməsi kimi ideyalarının bu gün də aktuallığını nümayiş etdirməkdir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 22 oktyabr tarixli Sərəncamına əsasən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin ölkəmizdə və beynəlxalq müstəvidə geniş şəkildə qeyd olunması nəzərdə tutulub.
Güllü Eldar Tomarlı,
Mirvarid Dilbazi Poeziya Məclisi İB- min sədri, Kəlağayı Ev Muzeyin direktoru