“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni istiqamətlərdə uğurla inkişaf edir. Azərbaycan-Özbəkistan münasibətləri bunun bariz nümunəsidir. Azərbaycan və Özbəkistan Prezidentlərinin qarşılıqlı etimada, dostluğa, qardaşlığa söykənən münasibətləri Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafını şərtləndirən əsas amillərdən biridir. Dövlətimizin başçısı İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bu reallıqları xüsusi qeyd etdi. “Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. Son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, birliyə, həmrəyliyə, xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər müttəfiqlik səviyyəsinə yüksəlib. Müsahibəsində 2024-cü ilin avqustunda Özbəkistana, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərindən bəhs edən Prezident İlham Əliyev qeyd etdi ki, bu səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlət arasında müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin potensialını müəyyən edən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır: “Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində ölkələrimiz arasında əlaqələrin inkişafında iqtisadi amilin prioritetliyini önə çəkərək vurğuladı ki, bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir.
Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlıq inkişaf dinamikası ilə diqqətdədir. Müsahibədə bu statistik rəqəmlər açıqlandı ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Energetika sektorunda əməkdaşlığımız fəal şəkildə inkişaf edir. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir. Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb”.
Malik Həsənov onu da vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin vacib sahəsidir: “Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir. Cənab İlham Əliyev müsahibəsində bildirdi ki, xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib. Qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır.
Keçən il cənab İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə birlikdə Bakının mərkəzində qardaşlığımızın daha bir rəmzinə çevriləcək “Özbəkistan” parkının təməlini qoydular. Bu məqamı da xüsusi qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr də iki ölkə arasında mədəni, humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir”.
Millət vəkili bildirib ki, iki ölkənin regionları arasında təmaslar da intensivləşib, qardaşlıq əlaqələri qurulub: “Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Güliston, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri qardaşlaşıb. Həmçinin, Ürgənc və Naxçıvan, Ürgənc və Xankəndi, Buxara və Laçın şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması barədə qərar verilib. Cənab İlham Əliyev sözügedən müsahibəsində Azərbaycan-Özbəkistan əməkdaşlığını daha da möhkəmləndirən bu məqamlara bir daha diqqəti yönəldərək bildirdi ki, bu gün xalqlarımızı daha da yaxınlaşdıran, ortaq tarixi, mədəni və mənəvi dəyərləri qoruyan, gələcək nəsillər arasında dostluğu və qarşılıqlı etimadı gücləndirən əməkdaşlıq üçün mühüm platformalardan biri olan Azərbaycan ilə Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüsləri xüsusilə əhəmiyyətlidir. Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin vacib sahəsi deyil, həm də ortaq dəyərlərimizi, zəngin mədəni irsimizi və xalqlarımız arasındakı qardaşlıq bağlarını qoruyan gələcəyə yönəlmiş strateji humanitar körpüdür”.
Malik Həsənov ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Azərbaycan və Özbəkistan yalnız ikitərəfli deyil, çoxtərəfli platformalarda da səmərəli əməkdaşlıq edir: “Türk Dövlətləri Təşkilatı daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfələr türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatını təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir. Ölkələrimizin Türk Dövlətləri Təşkilatı, həmçinin digər türk təşkilatları çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcək”.
Real hədəflər və zəngin layihələr: İrəliləmək üçün çox dəqiq fəaliyyət planı var
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi”: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - VİDEO