24 avqust 2026 11:47
86

Paşinyan Ermənistanın Aİ-yə daxil olması ilə bağlı tezliklə müraciət olunacağını elan edib

Ermənistan Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı referendumun keçirilməsinə hazırlıqlara başlamağı planlaşdırır.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə respublikanın Baş naziri Nikol Paşinyan bəyan edib. O dəqiqləşdirib ki, Aİ-yə üzvlük üzrə referendum rəsmi müraciət təqdim edildikdən, "müvafiq reaksiya" alındıqdan və prosesin "yol xəritəsi" razılaşdırıldıqdan sonra keçiriləcək.

"Referendumun keçirilməsi üçün Ermənistan Aİ-yə daxil olmaq üçün rəsmi müraciətlə çıxış etməlidir. Bu, həcmli iş tələb edən bir prosesdir. Və yaxın vaxtlarda biz bu prosesə başlayacağıq", — deyə Paşinyan parlamentin iclasında bildirib.

Lakin o, müraciətin təqdim olunacağı dəqiq müddəti açıqlamayıb.

2025-ci ilin dekabrında Ermənistan və Aİ strateji tərəfdaşlıq gündəliyini imzalayıblar. Rusiya Prezidenti Vladimir Putin Ermənistan hakimiyyətini ölkənin Aİ və ya Aİİ-də iştirakı ilə bağlı mümkün qədər tez referendum keçirməyə çağırıb.