25 avqust 2026 00:01
96

Sinqapurda demoqrafik böhran: Yeni doğulan uşağa görə böyük məbləğdə vəsait ödəniləcək

Sinqapur hökuməti ailələri daha çox uşaq dünyaya gətirməyə təşviq etmək məqsədilə valideynlərə hər uşaq üçün 55 min dollardan çox vəsait təklif edən yeni tədbirlər paketini təqdim edib.

“İki sahil” "Financial Times" nəşrinə istinadən xəbər verir ki, sözügedən şəhər-ölkə doğum səviyyəsinin azalması problemi ilə mübarizə aparır.

Ölkənin Baş naziri Lourens Vonq uşaqlar üçün ödəniş sisteminə və uşağa qulluq məzuniyyətinə yenidən baxılacağını elan edib. Hökumət rəhbəri qeyd edib ki, əsas məqsəd övlad sahibi olmaq istəyən sinqapurlular üçün ailə qurmaq və uşaq böyütmək prosesini asanlaşdırmaqdır.

Sinqapurun əhalisi 6 milyon nəfərdən bir qədər çoxdur. 2024-cü ildə qadın başına düşən doğum göstəricisi 0.97 olduğu halda, 2025-ci ildə bu rəqəm rekord həddə - 0.87-yə enib. Dünyada ən aşağı göstərici isə Cənubi Koreyada (0.8) qeydə alınıb.

Demoqrafların fikrincə, xalis immiqrasiya olmadan əhalinin sayının sabit saxlanılması üçün bu göstərici ən azı 2.1 olmalıdır.

Doğum səviyyəsinin aşağı düşməsi və ömrü uzadan səhiyyə nailiyyətləri Sinqapuru bu il "həddindən artıq qocalan" cəmiyyətə çevrilmək yoluna çıxarıb. BMT-nin meyarlarına görə, bu, əhalinin 21%-dən çoxunun yaşının 65-dən yuxarı olması deməkdir.

Gözlənilir ki, 2030-cu ilə qədər hər dörd sinqapurludan biri bu yaş həddinə çatacaq.

"İstəyirik ki, hər bir ailə bilsin: əgər siz uşaq sahibi olmağa qərar versəniz, dövlət sizin yanınızda olacaq", - deyə Vonq bildirib.

O əlavə edib ki, hökumət uzun illər ərzində daha əhəmiyyətli dəstək göstərəcək.

Baş nazirin sözlərinə görə, hökumət 17 yaşına qədər hər bir uşaq üçün ailələrə təqribən 70 min Sinqapur dolları (55.15 min ABŞ dolları) məbləğində birbaşa maliyyə yardımı verəcək. Bu məbləğə doğum zamanı 10 min dollar hədiyyə və gələcək təhsil üçün nəzərdə tutulan 10 min dollarlıq ödəniş də daxildir.

Xüsusilə çoxuşaqlı ailələr üçün uşağa qulluq müavinətlərinin əhatə dairəsi genişləndiriləcək və işəgötürənlərin xərclərinin böyük hissəsini dövlət qarşılayacaq. Bundan əlavə, hökumət uşaqlı ailələrin ilk mənzillərini alması prosesini də asanlaşdıracaq.

Hökumət başçısı bildirib:

"Ailələri dəstəkləmək üçün etdiyimiz hər şeyə baxmayaraq, biz reallığı qəbul etməliyik - ümumi doğum əmsalımız böyük ehtimalla yenə xeyli aşağı olacaq. Yalnız doğuma güvənsəydik, əhalimizin sayı azalardı. Buna görə də, hökumət əhalinin artımını immiqrasiya hesabına təmin etmək kimi uzunmüddətli siyasətinə sadiq qalacaq".

Vonq vurğulayıb ki, sinqapurluların ölkədə mütləq əksəriyyət təşkil etməsini təmin etmək məqsədilə hökumət xaricdən gələnləri yalnız ölçülüb-biçilmiş və davamlı templə qəbul edəcək.