25 avqust 2026 01:18
81

Çindən hərbi sahədə YENİLİK: Hipersəs silahın imkanları açıqlandı

Çin uzaq məsafədə yerləşən hava hədəflərini məhv etmək üçün istifadə oluna biləcək hipersəs manevr edən döyüş bloku texnologiyası hazırlayıb.

“İki sahil” "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yeni sistem vasitəsilə "hava-hava" tipli raketlər buraxıla bilər.

Məlumata görə, bu texnologiya Çinə hava komanda məntəqələri kimi yüksək əhəmiyyətli hədəfləri buraxılış nöqtəsindən təxminən 1 600 kilometr məsafədə təhdid etmək imkanı verə bilər.

Mənbənin məlumatına əsasən, bu nailiyyət Çinin dünyanın ən böyük raket arsenalından - 3 150-dən çox ballistik raketdən müxtəlif hərbi məqsədlər üçün istifadə imkanlarını genişləndirmək səylərinin bir hissəsidir.

Həmçinin bildirilir ki, çinli mütəxəssislər bəzi hipersəs qanadlı raketlərin üzərinə "hava-hava" raketləri yerləşdirə biliblər. Bundan əlavə, bəzi raketlərə suüstü hədəflərə zərbə endirmək üçün əlavə imkanların verildiyi qeyd olunur.

"Bloomberg" yazır ki, belə silahlar ABŞ-nin hava əməliyyatları üçün ciddi təhlükə yarada bilər. Agentlik eyni zamanda bildirir ki, Çindən başqa hər hansı ölkənin hipersəs döyüş bloklarını "hava-hava" raketləri ilə birləşdirə bilib-bilmədiyi hələ məlum deyil.