25 avqust 2026 02:37
88

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

Fransanın Od departamentinin Poma kommunasında baş verən güclü fırtına nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 5-i xəstəxanaya aparılıb. 100-ə yaxın yaşayış binasına ziyan dəyib, zərərçəkənlər üçün müvəqqəti yerləşmə mərkəzləri yaradılıb.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, yerli vaxtla saat 21:00-a olan məlumata görə, ərazidə 115-dən çox xilasedici çalışıb. Axtarış-xilasetmə üzrə ixtisaslaşmış qruplar və kinoloji bölmə də əməliyyata cəlb edilib. Jandarmlar tərəfindən isə gecə boyu təhlükəsizlik təmin olunacaq.

Fırtına Fransanın hava nəqliyyatında da ciddi fasilələrə səbəb olub. Nəqliyyat naziri Filip Tabaronun bildirdiyinə görə, fırtına Paris, Bordo, Tuluz, Marsel və Nitsa hava limanlarının işinə təsir göstərib.

Nazir uçuşlarda gecikmə və ləğvlərin davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ölkənin bəzi departamentlərində narıncı hava xəbərdarlığı elan olunub.