25 avqust 2026 13:04
85

Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb

Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı dünyanın nüfuzlu insan kapitalının idarə edilməsi mükafat proqramlarından biri olan “Brandon Hall Group HCM Excellence Awards” çərçivəsində “İstedadların İdarə Edilməsi” nominasiyası üzrə Qızıl medala layiq görülüb.

“İki sahil” xəbər verir ki, “Üfüq” Karyera İnkişafı Proqramı Kənd Təsərrüfatı Nazirliyinin “Yüksəliş” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi yüksək potensiala malik perspektivli əməkdaşların müəyyənləşdirilməsi, onların inkişafının dəstəklənməsi və Nazirliyin kadr ehtiyatının formalaşdırılmasıdır.

Proqram çərçivəsində həyata keçirilən seçim prosesində 2 771 əməkdaş iştirak üçün müraciət edib. Üç mərhələdən ibarət seçim prosesindən sonra 30 əməkdaş proqramın qalibi elan olunub.

Qaliblərin inkişafı üçün mentorluq, daxili təlimlər və beynəlxalq təcrübə mübadiləsi imkanları yaradılıb. Onlar müxtəlif sahələr üzrə təşkil olunan inkişaf proqramlarında iştirak etməklə yanaşı, Çin, Koreya və digər ölkələrdə keçirilən beynəlxalq təlim proqramlarına cəlb olunublar.

Proqramın nəticələri onun yalnız istedadların müəyyənləşdirilməsinə deyil, həm də real karyera inkişafına töhfə verdiyini göstərir. Belə ki, 30 qalibdən 11 nəfəri proqram müddətində yeni rəhbər və digər yuxarı vəzifələrə təyin olunub.

1993-cü ildən fəaliyyət göstərən “Brandon Hall Group” insan kapitalının idarə edilməsi sahəsində müstəqil analitika və konsaltinq təşkilatlarından biri kimi tanınır. Təşkilatın “HCM Excellence Awards” proqramı istedadların idarə edilməsi, liderlik inkişafı, öyrənmə və inkişaf, işə qəbul və əməkdaşların cəlb edilməsi kimi istiqamətlər üzrə qabaqcıl təşkilati təcrübələri qiymətləndirir.

Mükafat proqramı çərçivəsində təqdim olunan layihələr müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qaliblər “Qızıl”, “Gümüş” və “Bürünc” olmaqla üç dərəcə üzrə müəyyən edilir.

“Üfüq” Karyera İnkişafı Proqramının “İstedadların İdarə Edilməsi” nominasiyası üzrə Qızıl medala layiq görülməsi Kənd Təsərrüfatı Nazirliyində insan kapitalının inkişafı, istedadların idarə edilməsi və əməkdaşların karyera imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.