25 avqust 2026 16:59
95

Qaradağ rayonunda şəhid Səməndər İsmayılzadənin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib

25 avqust 2026-cı il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Səməndər Vahid oğlu İsmayılzadənin doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasimdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini – Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Həsrət Almasov, həmin sektorun məsləhətçisi Abbas Hüseynov, YAP Qaradağ rayon təşkilatının fəalları, QMƏVŞA İB Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ filialının sədri Əvəz İsmayılov, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr və dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Şəhid Səməndər İsmayılzadənin anası Fəridə İsmayılovaya başsağlığı verilib, ona səbr və dözüm arzulanıb.

Mərasimdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, onların qəhrəmanlığı heç zaman unudulmur.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi daim əziz tutulur, onların ailələri dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunur.

Bildirilib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və qəhrəman hərbçilərimizin şücaətinin nəticəsidir. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların şərəfli həyat və döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaqdır.

Şəhidin anası Fəridə İsmayılova şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib, Azərbaycanın qazandığı tarixi Qələbədə oğlunun da payının olmasından qürur duyduğunu qeyd edib.

Qeyd edək ki, Səməndər Vahid oğlu İsmayılzadə 25 avqust 1990-cı ildə Yevlax şəhərində anadan olub. 1996–2007-ci illərdə Yevlax şəhəri Səməd Vurğun adına 5 nömrəli orta məktəbdə təhsil alıb.

Hərbçi ailəsində böyüdüyü üçün hərbi xidmətə böyük həvəs göstərən Səməndər İsmayılzadə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində ZTR-82A komandiri kursunu bitirib.

Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, nümunəvi hərbi intizamına, yüksək mənəvi və işgüzar keyfiyyətlərinə görə fəxri fərmanlarla, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunub.

Səməndər İsmayılzadə 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidlik və şücaət göstərərək Füzuli və Cəbrayıl istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak edib.

Səməndər İsmayılzadə 10 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Səməndər İsmayılzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.