27 avqust 2026 13:17
101

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

 

Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzi Azərbaycanın və Cənubi Qafqazın ən mühüm paleolit abidələrindən biri olan Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub.

Azıx mağarasında 2024-cü ildən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və Almaniyanın Leybnits Arxeologiya Mərkəzinin (LEIZA) iştirakı ilə beynəlxalq tədqiqatlar aparılır. 2026-cı ildən etibarən BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzi də layihədə iştirak edir. Tədqiqatlar geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin müxtəlif istiqamətlərində Portuqaliyanın Algarve Universiteti, Danimarkanın Aarhus Universiteti, Polşanın Vrotslav Universiteti və Norveçin Oslo Universitetinin alim və mütəxəssisləri iştirak edirlər. Bu əməkdaşlıq Azıx mağarasının müasir multidissiplinar metodlarla kompleks şəkildə öyrənilməsinə imkan yaradır.

Azıx mağarası arxeoloji ekspedisiyasında iştirak etmək məqsədilə ezam olunan BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov 2024-cü ildən, layihənin ilk tədqiqat mövsümündən etibarən beynəlxalq tədqiqat qrupunun üzvü kimi Azıx mağarasının müxtəlif qazıntı sahələrində supervayzerlik edir. Aparılan qazıntılar nəticəsində Azıx mağarasında yeni keramika nümunələri, daşdan hazırlanmış əmək alətləri və sümük qalıqları üzə çıxarılıb. Araşdırmaların növbəti mərhələsində Azıx mağarasından əldə olunmuş müəyyən arxeoloji materialların BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzi və Qabaqcıl Materialşünaslıq Elmi-Tədqiqat və İnkişaf Mərkəzinin imkanlarından istifadə edilməklə bərpası, saxlanması və analiz edilməsi nəzərdə tutulur. Bu istiqamətdə aparılacaq tədqiqatlar arxeologiya ilə materialşünaslıq və digər təbiət elmlərinin imkanlarının birləşdirilməsinə, arxeoloji materiallardan yeni elmi məlumatların əldə edilməsinə və BDU-da müasir arxeometrik yanaşmaların inkişafına şərait yaradacaq.

BDU-nun Azıx mağarasındakı beynəlxalq tədqiqatlara qoşulması Universitetin arxeologiya sahəsində formalaşmış zəngin elmi və tədris ənənələrinin müasir tədqiqat metodları ilə davam etdirilməsi baxımından mühüm addımdır. Bu əməkdaşlıq BDU-nun Azərbaycanın zəngin arxeoloji irsinin tədqiqində iştirak imkanlarını genişləndirəcək, Universitetdə müasir arxeoloji analiz və rəqəmsallaşma üsullarının tətbiqinə, gənc tədqiqatçı və tələbələrin beynəlxalq elmi mühitə inteqrasiyasına töhfə verəcək. Azıx kimi dünya paleolit arxeologiyası üçün xüsusi əhəmiyyət daşıyan bir abidənin beynəlxalq və multidissiplinar metodlarla öyrənilməsində BDU-nun iştirakı regionun ən qədim tarixinin müasir elmi yanaşmalar əsasında araşdırılması, yeni elmi əməkdaşlıqların qurulması və Azərbaycan arxeologiyasının beynəlxalq elmi məkanda mövqeyinin daha da gücləndirilməsi istiqamətində mühüm təşəbbüsdür.