29 avqust 2026 02:16
75

Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi

ABŞ və İsrail İranın raket potensialına qarşı çıxıb, lakin müharibədə məğlub olandan sonra danışıqlara məcbur qalıblar.

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda keçirilən Beynəlxalq İslam Vəhdəti Konfransında (BİVK) deyib.

"Bu müharibədə raketlərimiz öz sınağından yaxşı çıxıb və ölkəni müdafiə edib. ABŞ ilə İsrail isə öz hədəflərində uğursuz olduqdan sonra İranın parçalanması üçün ölkənin ətrafındakı müxtəlif qrupları silahlandırıb daxilə göndərməyə çalışıblar, lakin bu plan da baş tutmayıb", - Əraqçinin "Telegram" kanalında BİVK-dakı çıxışından sitat gətirlib.

Abbas Əraqçi Yaxın Şərqdəki ABŞ bazalarının bombalanmasına da toxunub:

"Amerikanın bazaları onların təhlükəsizliyini təmin edə bilməyib və daha çox İsraili dəstəkləmək üçün nəzərdə tutulub. Biz Amerikanın hücumlarına cavab olaraq, təəssüf ki, ətrafımızdakı ölkələrdə yerləşən Amerika hədəflərinə hücum etdik".

Onun fikrincə, ABŞ ilə İsrailin etdikləri qeyri-qanuni təcavüz, İranın addımları isə qanuni müdafiə olub:

"Təxminən 40 gün davam edən son müharibədə düşmənin təsəvvürü belə idi ki, iki və ya üç gün ərzində işi bitirəcək; hətta ABŞ Prezidenti (Donald Tramp) ilk günlərdə İranın "qeyd-şərtsiz təslim olmasını" tələb edib.

Onlar İranın rəhbərini (Əli Xamenei) və ölkənin komandanlarını hədəfə alanda İslam Respublikasının şəxslərdən asılı olduğunu təsəvvür ediblər".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın sabiq ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Donald Tramp və Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq bu ölkəyə zərbə endirildiyini bəyan edib.

Avqustun 2-də Tramp razılaşmanın bağlanması şərtilə İrana planlaşdırılan yeni hücumun ləğv edildiyini açıqlayıb. Hazırda Hörmüz boğazına nəzarətlə bağlı danışıqlar aparılır.