02 sentyabr 2026 20:02
74

Tibb işçilərinə böyük diqqət və qayğının bariz təzahürü

Səhiyyə sisteminin inkişafı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Tibbi xidmətlərə əlçatanlığın artırılması, keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, səhiyyə işçilərinin əməyinin stimullaşdırılması və sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinə böyük diqqət və qayğısının bariz təzahürüdür. Bu tədbirlər çərçivəsində 2023-cü il yanvarın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə maaşları artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artırılması ilə əlaqədar tarif maaşlarında növbəti artımlar həyata keçirilib. Bununla yanaşı, səhiyyə sistemində ayrı-ayrı kateqoriyalar üzrə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə diferensial yanaşmalar tətbiq olunub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına vəzifələrdən asılı olaraq 1,5–3 dəfə artım əmsalları tətbiq edilib.

“İki sahil” xəbər verir ki, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən bildirilib ki, bu ardıcıl sosial siyasətin davamı olaraq, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülən tibb işçilərinin maddi rifahının yüksəldilməsi, insan kapitalının gücləndirilməsi məqsədilə tibb işçilərinin əməkhaqqının artırılması təşəbbüsünün Azərbaycan Prezidenti tərəfindən müsbət qarşılanaraq icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin tibb işçilərinin əməyinə verdiyi yüksək dəyərin, sosial rifahına göstərdiyi davamlı diqqətin daha bir göstəricisidir.

Əməkhaqqı artımının vəzifə, ixtisas, iş yükü və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla fərdiləşdirilməsi isə bu mühüm təşəbbüsün sosial əhəmiyyətini daha da artırır. Yeni əməkhaqqı qaydalarının 72 mindən çox tibb işçisini əhatə etməsi həm də minlərlə ailənin həyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.

Birinci vitse-prezident Mehriban Əliyevanın növbəti sosial təşəbbüsü tibbi peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi baxımından xüsusi önəm kəsb edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tibb işçilərinin, həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə, əməyinin layiqincə qiymətləndirilməsinə və rifahının yüksəldilməsinə xidmət edən bu təşəbbüsü yüksək qiymətləndirir, ölkə rəhbərliyinə səhiyyə işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə dərin minnətdarlığını bildirir.

Tibb işçilərinin əməyinə verilən dəyər onların sosial müdafiəsinin daha da gücləndirilməsi ilə yanaşı, səhiyyə sisteminin dayanıqlılığının, tibbi xidmətlərin keyfiyyətinin və bütövlükdə əhalinin sağlamlığının qorunmasına mühüm sərmayədir.