03 sentyabr 2026 17:55
81

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

Sentyabrın 4-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı isə jurnalın 9-cu nömrəsində elektron formatda (PDF) təqdim olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı sentyabrın 8-də saat 11:00-dan 15 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə sentyabrın 9-da saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək.

Tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçiminin tarixləri haqqında məlumat qəbul olunanların qeydiyyat prosesi başa çatdıqdan sonra veriləcək.