03 sentyabr 2026 19:05
98

İŞİD-in tərkibində döyüşən azərbaycanlıya hökm oxunub

Suriyada İŞİD terror təşkilatının tərkibində döyüş əməliyyatlarında iştirak etməkdə təqsirləndirilən Nicat Əzizov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

“İki sahil” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə oxunub.

Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Nicat Əzizov 2025-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

İttihama görə, təqsirləndirilən şəxs dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Suriya ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Bakıdan Türkiyənin Istanbul şəhərinə, oradan isə Hatay şəhəri istiqamətindən qanunsuz yolla Suriya ərazisinə keçib.

Bundan sonra o, Suriyanın Hələb, Azaz və El-Bab şəhərlərində İŞİD terror təşkilatında digər Azərbaycan vətəndaşının rəhbərlik etdiyi "Xalidin camaatı" adlı silahlı qrupun tərkibində silahlı münaqişələrdə iştirak edib.

İttihamda qeyd olunub ki, Nicat Əzizov Azərbaycan hüdudlarından kənarda törətdiyi, həm Azərbaycan, həm də Suriya qanunvericiliyinə əsasən cinayət sayılan əməllərinə görə həmin xarici dövlət ərazisində məhkum edilməyib.

Nicat Əzizov Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham olunub.