Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında rayonun ictimai həyatında fəal iştirak edən YAP veteranı olan rayon ağsaqqalları ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, partiya veteranları Zahid İbrahimov və Musa Musayev iştirak ediblər.
Tədbirdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların xüsusi rolu vurğulanıb. Bildirilib ki, Azərbaycan cəmiyyətində ağsaqqallar hər zaman müdriklik, həyat təcrübəsi və mənəvi dəyərlərin daşıyıcıları kimi böyük hörmətə malik olublar.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ölkəmizin inkişafında mühüm əhəmiyyət daşıdığı qeyd edilib. Azərbaycanın əldə etdiyi uğurlarda xalqımızın həmrəyliyinin, milli birlik və sabitliyin mühüm rol oynadığı diqqətə çatdırılıb.
Görüş zamanı ağsaqqallar öz fikir və təkliflərini səsləndirib, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələri, Qaradağ rayonunda görülən işləri yüksək qiymətləndiriblər.
Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə ağsaqqalların ictimai fəallığının artırılması, onların həyat təcrübəsindən gənc nəslin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. Bu məqsədlə YAP Qaradağ rayon təşkilatının tərkibində partiya veteranlarını birləşdirən ərazi partiya təşkilatının yaradılması qərara alınıb.