04 sentyabr 2026 19:28
117

Sülhə gedən yolda Azərbaycanın liderliyi

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində xüsusi nümayəndəsi Stiv Uitkoffun Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məqaləsini paylaşıb. “Tramp dondurulmuş münaqişəni necə sülh modeli nümunəsinə çevirdi?” başlıqlı məqalədə Amerika liderinin uzun illər davam edən münaqişənin həllindəki roluna diqqət yetirilib.

Stiv Uitkoff “Washington Examiner”də dərc olunan məqaləsində qeyd edib ki, Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşma 35 ildən artıq davam edən münaqişənin həlli istiqamətində mühüm nəticədir. Xüsusi nümayəndə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin olunması məsələsinə də toxunaraq Ermənistan ərazisindən keçəcək “Tramp marşrutu” layihəsindən bəhs edib. O, TRIPP marşrutunun Xəzər dənizi ilə əlaqələndiriləcəyinə, bu konsepsiyanın gələcəkdə Yaxın Şərqdə də inkişaf etdirilə biləcəyinə ümid etdiyini bildirib.

Uitkoff əldə olunan nəticəni əlamətdar nailiyyət kimi qiymətləndirərək sülh prosesində Donald Trampla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin rolunu da xüsusi vurğulayıb. Əslində, bu, təsadüfi deyil. Çünki Cənubi Qafqazda yeni reallıqların formalaşmasında Azərbaycanın, xüsusilə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm rolu var.

Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti Cənubi Qafqazda onilliklər ərzində davam edən münaqişənin aradan qaldırılması ilə yanaşı, Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqelərini də əhəmiyyətli dərəcədə gücləndirib. Beynəlxalq hüquqa, ədalətə və qarşılıqlı əməkdaşlığa əsaslanan siyasi kurs Azərbaycanın qlobal sülh gündəliyində daha fəal rol almasına imkan yaradıb.

Bu baxımdan ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərinə verdiyi yüksək qiymət də diqqət çəkir. Tramp müxtəlif çıxışlarında İlham Əliyevi güclü və bacarıqlı lider kimi xarakterizə edib. “Siz güclü və ağıllı insansınız” ifadəsi də məhz Azərbaycan Prezidentinə ünvanlanıb. BMT-nin 80 illik yubileyi münasibətilə Nyu-Yorkda keçirilən rəsmi qəbulda isə Tramp İlham Əliyevə “Mən Sizinlə həqiqətən fəxr edirəm” deyərək ona münasibətini bir daha nümayiş etdirib. ABŞ Prezidenti, həmçinin “O, çox güclü liderdir, öz işini çox yaxşı görür” fikrini səsləndirib.

Donald Trampın son dövrlərdə Prezident İlham Əliyevlə bağlı paylaşım və açıqlamaları iki lider arasında qarşılıqlı hörmətin, eyni zamanda Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyev də öz növbəsində Donald Trampın sülh prosesindəki rolunu yüksək qiymətləndirib. Bu ilin iyulunda keçirilən IV Şuşa Qlobal Media Forumunda dövlət başçısı ABŞ Prezidentini “sülh insanı” kimi xarakterizə edib və Ermənistan-Azərbaycan arasında sülhün əldə olunmasında onun roluna diqqət çəkib.

Prezident İlham Əliyevin bu fikirləri beynəlxalq mediada da geniş əks-səda doğurub. “Breitbart” nəşrində Azərbaycan Prezidentinin Donald Trampı sülh adamı adlandırması və Ermənistan-Azərbaycan razılaşmasını onun xidmətləri ilə əlaqələndirməsi barədə məqalə dərc olunub. Donald Tramp həmin yazını da “Truth Social” hesabında paylaşaraq Azərbaycan Prezidentinin fikirlərinə verdiyi önəmi nümayiş etdirib.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan sülh prosesində yalnız iştirak edən tərəf deyil, Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasına mühüm töhfə verən əsas aktorlardan biridir. Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən siyasət Azərbaycanın milli maraqlarının təmin olunması ilə yanaşı, regionda dayanıqlı sülh və uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar açır.

Qvami Məhəbbətoğlu, “İki sahil”