10 sentyabr 2026 11:42
93

Büdcədənkənar vəsaitlər hesabına vəzifə maaşına əlavə və mükafatların yuxarı hədləri müəyyənləşib

Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.

“İki sahil” xəbər verir ki, fərmana əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən, yalnız həmin təşkilatların "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların (adı çəkilənlər istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürüləcək.

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:

- vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1 mislinə qədər;

- mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 %-nə qədər.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.