14 sentyabr 2026 16:47
157

Sabitlik və inkişaf gələcəyə inam yaradır

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının XII konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

“İki sahil” xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, hesabat dövründə təşkilat qarşıya qoyulan vəzifələrin icrası istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Bu müddətdə üzvlərin ictimai-siyasi fəallığının artırılması, partiya sıralarının genişləndirilməsi və ərazi partiya təşkilatları arasında işbirliyinin gücləndirilməsi diqqət mərkəzində olub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək dövlətçilik tarixinin ən mühüm nailiyyətlərindən birinə imza atıb. Yeni Azərbaycan Partiyası da ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir və həyata keçirdiyi məqsədyönlü fəaliyyətlə cəmiyyətin geniş dəstəyini qazanıb.

YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, partiyanın ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən danışıb. Rayon təşkilatının hesabat dövründəki fəaliyyətini müsbət dəyərləndirən T.Cahangirov qarşıdakı dövrdə təşkilata uğurlar arzulayıb.

Çıxış edən şəhid anası Simuzər Bağıyeva, “Bakı prospekti 20” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, “Kürdəmir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Nicat Ağarəhimov bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Ölkəmiz yeni hədəflərə doğru inamla irəliləyir.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Fəsli Nəbiyev Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının qarşıya qoyulan vəzifələrin səmərəli icrası istiqamətində məqsədyönlü iş apardığını deyib.

Konfransda YAP Kürdəmir rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.