14 sentyabr 2026 16:55
95

AMB BMT-nin İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna (Sustainable Insurance Forum – SIF) üzv qəbul olunub.

"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurum bu üzvlük çərçivəsində müxtəlif ölkələrin sığorta nəzarətçiləri və tənzimləyiciləri ilə əməkdaşlığı genişləndirmək, beynəlxalq təcrübə və bilik mübadiləsində iştirak etmək, eləcə də forumun işçi qrupları və müzakirələrində təmsil olunmaq imkanı əldə edib. Bununla da, AMB sığorta sektorunda dayanıqlılıq və iqlim risklərinə qarşı davamlılığın gücləndirilməsi üzrə beynəlxalq təşəbbüslərə töhfə verə, həmçinin qabaqcıl beynəlxalq təcrübənin ölkənin sığorta sektorunun inkişafında tətbiqi imkanlarını genişləndirə biləcək.

BMT-nin təşəbbüsü, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının dəstəyi ilə 2016-cı ildə yaradılmış Forum sığorta sektorunda dayanıqlılıq məsələlərinin, o cümlədən iqlim dəyişiklikləri ilə bağlı risklərin sığorta nəzarəti çərçivəsində nəzərə alınması üzrə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi platformasıdır. Forum sığorta tənzimləyiciləri və nəzarət orqanlarını bir araya gətirməklə, dayanıqlı inkişaf sahəsində sektorun üzləşdiyi kritik çağırışların aradan qaldırılması istiqamətində birgə fəaliyyəti təşviq edir.