16 sentyabr 2026 12:17
97

Sədr: Auditin süni intellekt texnologiyalarından istifadə etməklə keçirilməsi istiqamətində işlər aparılır

 

Hazırda audit prosesinin süni intellekt texnologiyalarından istifadə etməklə həyata keçirilməsi, audit risklərinin əvvəlcədən qiymətləndirilməsi, məlumatların təhlili və potensial risklərin müəyyənləşdirilməsi istiqamətində müvafiq işlər aparılır. 

“İki sahil” xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib. 

O bildirib ki, bu məqsədlə müasir texnologiyalara əsaslanan yeni informasiya sisteminin yaradılması da nəzərdə tutulur. 

“Süni intellekt mühasibləri və auditorları əvəz etməyəcək, bunun əvəzinə, peşələrimizin mahiyyətini əsaslı şəkildə dəyişdirəcək, bizlərdən yeni bacarıq və kompetensiyaların formalaşdırılmasını tələb edəcək. Bunu da nəzərə almaq lazımdır ki, süni intellekt bəzilərinin fikirləşdikləri kimi yalnız təkrarlanan işləri əvəz etməklə məhdudlaşmır. O fasiləsiz audit, bütün məlumat toplusunun yoxlanılması kimi üstünlüklər əsasında auditorların qərarvermə qabiliyyətini gücləndirmək, hesabat və rəylərin keyfiyyətini yüksəltmək və daha geniş anlamda isə iqtisadiyyata səmərəliliyi artırmaq potensialına malikdir. Son bir neçə il ərzində Auditorlar Palatası tərəfindən rəqəmsal transformasiya istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Biz Auditorlar Palatası olaraq ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya prosesinə öz töhfəmizi verməyi, qarşımızda duran vəzifə və öhdəlikləri vaxtında, keyfiyyətlə və müasir tələblərə uyğun şəkildə icra etməyi özümüzə borc bilirik”, - deyə Vahid Novruzov vurğulayıb.