16 sentyabr 2026 13:36
96

Hesablama Palatası: Auditorlar Palatasının 30 illik fəaliyyəti audit işinin formalaşmasında xüsusi əhəmiyyət daşıyıb

Hesablama Palatası: Auditorlar Palatasının 30 illik fəaliyyəti audit işinin formalaşmasında xüsusi əhəmiyyət daşıyıb.

“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının auditoru Cavid Bayramov Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib. 

O qeyd edib ki, müstəqil audit institutunun hüquqi bazasının yaradılması, nəzəri və praktiki əsaslarının qarşılıqlı və sistemli şəkildə tətbiq olunması, audit fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi istiqamətlərində görülən işlər qürurverici və təqdirəlayiqdir. 

“Bütün bunlar audit institutunun ölkəmizdə təşəkkül tapması, davamlı inkişafının təmin edilməsi, beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və maliyyənin idarə edilməsi sistemində rolunun möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Audit institutunun mühüm tərkib hissəsi olan dövlət auditi institutunun, yəni ali audit orqanı kimi Hesablama Palatasının fəaliyyətə başlaması dönəmində audit standartları, audit prosedurları, auditin planlaşdırılması, icrası və nəticələrinin rəsmiləşdirilməsi kimi məsələlərdə Auditorlar Palatasının təcrübəsi əvəzolunmaz töhfə verib. Əməkdaşlığımız milli iqtisadiyyatımızda, xüsusilə də maliyyənin idarə edilməsi sahəsində institusional şəffaflıq və hesabatlılığın davamlı təşviqi baxımından həm ikitərəfli, həm də müxtəlif peşəkar platformalar çərçivəsində uğurla davam edir”, - deyə Cavid Bayramov deyib.