16 sentyabr 2026 14:35
109

SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində yeni modernizasiya mərhələsinə başlanılır

Bunu SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin Proses üzrə direktoru Samir Səlimli "20 Sentyabr - Neftçilər Günü" çərçivəsində SOCAR-ın Etilen-Polietilen zavoduna media-tur zamanı jurnalistlərə açıqlamasında deyib.

Direktor hazırda müəssisədə modernizasiya və yenidənqurma layihəsinin həyata keçirildiyini bildirib.

"Layihə avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edir. Mühəndislik mərhələsi 95 faiz tamamlanıb və növbəti ildən etibarən sahə işlərinə başlanılacaq", - deyə S.Səlimli bildirib.

Onun sözlərinə görə, etilen və propilenlə yanaşı, müəssisədə hidrogen, butilen-butadien fraksiyası, maye piroliz qətranı və ağır qətran kimi yan məhsullar da istehsal olunur.

"Azərkimya"nın fəaliyyəti barədə məlumat verən S.Səlimli bildirib ki, İstehsalat Birliyinin tərkibində Etilen İstehsalatı, Aşağı Sıxlıqlı Yüksək Təzyiqli Polietilen İstehsalatı və Buxar-Elektrik Enerjisi İstehsalat sahələri fəaliyyət göstərir.

O qeyd edib ki, aşağı sıxlıqlı, yüksək təzyiqli polietilen 1800–2500 bar təzyiqdə istehsal olunur və daxili tələbat ödənildikdən sonra Türkiyə və Avropa ölkələrinə ixrac edilir.

"Buxar-elektrik enerjisi istehsalatımız müəssisələrimizi və "SOCAR Polymer"i yüksək, orta və aşağı təzyiqli buxarla təmin edir. Eyni zamanda, burada elektrik enerjisi də istehsal olunur. Artıq qalan buxardan əldə edilən elektrik enerjisi SOCAR-ın digər müəssisələrinə və Sumqayıt elektrik şəbəkəsinə ötürülür", - deyə o əlavə edib.

S.Səlimli hidrogendən həm "Azərkimya"da, həm də "SOCAR Polymer"də istifadə edildiyini bildirib.

"Azərkimya"da hidrogen selektiv hidrogenləşmə reaktorlarında tətbiq olunur. Burada məqsəd əsas məhsullarımız olan etilen və propilenin tərkibindəki asetilen birləşmələrini hidrogenləşdirmə yolu ilə etilen və propilenə çevirməkdir. "SOCAR Polymer"də isə hidrogen daxili tələbatın ödənilməsi üçün istifadə olunur", - deyə direktor vurğulayıb.

Onun sözlərinə görə, "Azərkimya"nın məhsullarının ixrac coğrafiyasına Türkiyə, Çin, Avropa ölkələri, Estoniya və digər ölkələr daxildir.

S.Səlimli bildirib ki, hazırda "Azərkimya"nın istehsal gücü "SOCAR Polymer" və "Azərkimya"nın daxili tələbatı nəzərə alınmaqla əvvəlki layihələr çərçivəsində artırılıb.

"2016–2021-ci illərdə həyata keçirilən layihə çərçivəsində etilen üzrə məhsuldarlığımız 40 faiz, propilen üzrə isə 70 faiz artırılıb. Artıq 5 ildir ki, qurğu bu məhsuldarlıqla fəaliyyətini davam etdirir", - deyə o qeyd edib.

Orxan Vahidoğlu,
Vüsal Cahanov, “İki sahil”