17 sentyabr 2026 12:45
122

Məktəblilər necə qidalanmalıdır?

Yeni dərs ilinin başlanması ilə uşaqların gündəlik rejimləri dəyişir. Yuxu və dərs saatları ilə yanaşı, qidalanma vərdişlərinin də məktəb rejiminə uyğunlaşdırılması vacib məsələlərdən birinə çevrilir. Səhər yeməyinin ötürülməsi, gün ərzində yüksək dərəcədə emal olunmuş qəlyanaltılara üstünlük verilməsi və kifayət qədər su qəbul edilməməsi məktəbli uşaqların qidalanmasında diqqət tələb edən məqamlardandır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2026-cı ilin yanvarında yenilədiyi sağlam qidalanma üzrə tövsiyələrə əsasən, uşaqlıq və yeniyetməlik dövründə formalaşan qidalanma vərdişləri sonrakı yaşlarda da davam edə bilər. Sağlam qida rasionunun əsas prinsipləri isə müxtəliflik, balans və orqanizmin ehtiyaclarına uyğunluqdur. Rasionda tərəvəz, meyvə, paxlalılar, tam taxıllar və digər qida baxımından zəngin məhsulların müxtəlif formada yer alması tövsiyə edilir.

Məktəbə tələsən uşaqların səhər yeməyini ötürməsi valideynlərin tez-tez qarşılaşdığı vəziyyətlərdən biridir. UNICEF-in məlumatına görə, məktəbyaşlı və yeniyetmə uşaqlar arasında səhər yeməyini buraxmaq, meyvə-tərəvəzi az istehlak etmək, şəkər, duz və doymuş yağlarla zəngin qəlyanaltılara üstünlük vermək geniş yayılmış qidalanma problemlərindəndir. Bu baxımdan səhər yeməyinin qida dəyəri nəzərə alınmalıdır. UNICEF də uşaqlar üçün qida dəyəri yüksək məhsullarla hazırlanmış səhər yeməklərinə üstünlük verilməsini tövsiyə edir. Burada əsas məsələ uşağı məcburən çox yedirtmək deyil, səhər yeməyini şirin və yüksək dərəcədə emal olunmuş məhsullardan ibarət etməmək və müxtəlifliyi qorumaqdır.

Məktəb çantasında nə olmalıdır?

Uşağın məktəbə özü ilə apardığı qida da gün ərzindəki qidalanmanın bir hissəsidir. Meyvə, süd məhsulları, pendir, qaynadılmış yumurta və şəkər əlavə edilməmiş digər qidalar uyğun seçimlər sırasında ola bilər. Əksinə, şirin içkilər, çox duzlu qəlyanaltılar və yüksək miqdarda şəkər, duz və doymuş yağ ehtiva edən məhsulların müntəzəm istehlakı məhdudlaşdırılmalıdır. ÜST sağlam rasionun əsasını minimum emal olunmuş və zərərli yağlar, sərbəst şəkərlər və natrium baxımından aşağı olan qidaların təşkil etməli olduğunu bildirir. Qeyd edilir ki, su da uşağın gündəlik qidalanmasının vacib hissəsidir. Buna görə məktəb çantasında su qabının olması və uşağın gün ərzində kifayət qədər su içməsinin təşviq edilməsi məqsədəuyğundur.

Nəzərə almaq lazımdır ki, uşağın nə yediyini yalnız ailənin seçimi müəyyən etmir. Məktəbdə və onun ətrafında hansı qidaların satılması və əlçatanlığı da uşağın seçiminə təsir göstərə bilər. Qeyd edək ki, ÜST 2026-cı ilin yanvarında məktəblərdə sağlam qida mühitinin yaradılması ilə bağlı yeni qlobal təlimat dərc edib. Təşkilat məktəblərdə təqdim edilən, satılan və istehlak olunan qidaların və içkilərin təhlükəsiz və sağlam qidalanmanı dəstəkləyən xüsusiyyətlərə malik olmasını tövsiyə edir. Təlimatda, həmçinin sağlam seçimlərin əlçatanlığının artırılması və sağlam olmayan məhsulların məktəb mühitində mövcudluğunun və istehlakının azaldılması nəzərdə tutulur. Bu yanaşma məsələyə yalnız "Uşaq nə yeməlidir" sualı ilə deyil, "Uşağın qarşısında hansı seçimlər var" sualı ilə baxmağın vacibliyini göstərir. Çünki sağlam qida seçiminin mümkün olması üçün həmin qidanın uşaqlar üçün əlçatanlığı da önəmlidir.

Müxtəliflik və balans əsas prinsipdir

Məktəbli uşağın rasionunu yalnız bir neçə "faydalı məhsul" üzərində qurmaq düzgün yanaşma deyil. Uşağın yaşına, inkişaf mərhələsinə və fiziki aktivliyinə uyğun müxtəlif qida qrupları rasionda balanslı şəkildə yer almalıdır. ÜST də sağlam qidalanmanın konkret bir menyudan ibarət olmadığını, fərdin yaşı, həyat tərzi, fiziki aktivliyi, fərdi qidalanma xüsusiyyətlərinə görə dəyişə bildiyini qeyd edir. Buna görə bütün uşaqlar üçün eyni menyunun tətbiqindən daha çox, sağlam və müxtəlif qida seçimlərinin formalaşdırılması əsas prinsip hesab olunur.

Uşaq səhər yeməyi yemədən məktəbə gedərsə...

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, yeni tədris ilinin başlaması ilə uşaqların qidalanmasına, xüsusilə də səhər saatlarında dərsə gedən şagirdlərin qida qəbuluna diqqət yetirmək vacibdir. Birinci növbədə oxuyan uşaqların səhər yeməyi yemədən dərsə getmələri onların gün ərzində həm enerjilərinə, həm də diqqətlərinə təsir göstərə bilər: "20 yaşa qədər orqanizm aktiv inkişaf prosesində olur və bu dövrdə onun makro və mikroelementlərə, vitaminlərə, minerallara və digər faydalı qida maddələrinə ehtiyacı artır. Uzun müddət ac qalmaq və günə düzgün qidalanmadan başlamaq orqanizmin inkişafına mənfi təsir göstərə, müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.

Əgər uşağın səhər tezdən yeməyə iştahı yoxdursa, onu zorla yedizdirmək düzgün deyil. Bu halda az miqdarda və yüngül qidalarla başlamaq, uşağın tədricən səhər yeməyi vərdişi qazanmasına şərait yaratmaq olar. Həmçinin məktəbdə və ya onun yaxınlığında sağlam və əlçatan qidalar varsa, uşağın ehtiyacına uyğun olaraq həmin qidalardan istifadə etmək mümkündür.

Səhər yeməyində yumurta, pendir və digər süd məhsulları kimi zülal mənbələrinin olması faydalıdır. Tam taxıllı çörək, yulaf və digər mürəkkəb karbohidratlarla zəngin qidalar uşağın daha uzun müddət tox qalmasına kömək edir. Uşağın özü ilə mövsümi və yerli meyvələr götürməsi də məqsədəuyğundur. Belə qidalar vitamin və minerallarla zəngin olduğu üçün gündəlik qida rasionunun daha balanslı olmasına kömək edə bilər. Bununla yanaşı, qidalanmada sağlam yağlara da yer verilməlidir. Səhər yeməyində kərə yağından, həmçinin miqdarı nəzarətdə saxlamaq şərtilə qoz, badam və digər çərəzlərdən istifadə etmək olar. Bu məhsullar faydalı yağlarla zəngindir və orqanizmin, o cümlədən beynin normal fəaliyyəti üçün əhəmiyyətli qida maddələri ilə təmin olunmasına kömək edir.

Səhər acqarına şokoladlı bulkalar, şəkərli səhər yeməkləri və şəkərli içkilərdən gündəlik istifadə etmək məsləhət görülmür. Belə məhsullar qanda şəkərin səviyyəsini sürətlə yüksəldə, daha sonra isə onun tez aşağı düşməsinə səbəb ola bilər. Nəticədə uşaq qısa müddət sonra yenidən aclıq hiss edə və gün ərzində daha çox boş kalorili qida qəbul edə bilər. Bu cür qidalanma vərdişlərinin uzun müddət davam etməsi piylənmə riskini artıra və sağlam qidalanma vərdişlərinin formalaşmasına mənfi təsir göstərə bilər."

Uşaqların qidalanması ilə yanaşı, yuxu rejiminə də diqqət yetirmək lazım olduğunu vurğulayan həmsöhbətimiz gec yatmağın yuxu rejiminin pozulmasına, bəzi hallarda isə iştahda dəyişikliklərin olmasına səbəb ola biləcəyini qeyd etdi. Buna görə uşaqların vaxtında yatması və yaşlarına uyğun olaraq 7-9 saatlıq yuxu alması təmin edilməlidir.

Məhsəti Hüseynovanın sözlərinə görə, gün ərzində uşağın kifayət qədər maye qəbul etməsi də vacibdir. Mayeyə əsasən su, həmçinin meyvələrin və digər qidaların tərkibində olan maye də daxildir. Uşağın gün ərzində su içməsi onun ümumi vəziyyətinə və dərs zamanı özünü daha gümrah hiss etməsinə kömək edə bilər.

Əgər məktəbdə və ya məktəbin yaxınlığında sağlam qida seçimləri məhduddursa, valideynlər uşaqlar üçün evdə hazırlanan çörəkarası sendviçlər, meyvə, su və miqdarı nəzarətdə saxlanılan çərəzlər verə bilərlər. Daşınması rahat olan bu qidalar uşağın gün ərzində enerji ehtiyacının qarşılanmasına və dərs zamanı diqqətini daha yaxşı cəmləməsinə kömək edə bilər."

Şahnigar Əhmədova, "İki sahil"