Səudiyyə Ərəbistanının Taif şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 15-ci Baş Assambleyası keçirilib.
“İki sahil” xəbər verir ki, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva da tədbirdə iştirak edib.
10–14 sentyabr 2026-cı il tarixlərində keçirilən Baş Assambleyada İslam dünyasının müxtəlif ölkələrini təmsil edən Milli Olimpiya Komitələrinin prezidentləri və baş katibləri, Beynəlxalq Olimpiya Komitəsinin üzvləri, beynəlxalq federasiyaların prezidentləri və digər qonaqlar iştirak ediblər.
Assambleya çərçivəsində “İdmanda İrəliyə Doğru” (“Forward Through Sports”) mövzusunda seminar keçirilib. Müzakirələr zamanı İslam Həmrəyliyi İdman Assosiasiyasının üzv dövlətlər üçün hazırladığı yeni proqram təqdim olunub, idman sahəsində əməkdaşlığın genişləndirilməsi, həmrəyliyin möhkəmləndirilməsi və qarşıdakı dövr üçün prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.
Könül Nurullayeva həmçinin Assosiasiyanın “Excel & Host: Road to Malaysia 2029” mövzusunda keçirilən ikinci seminarında iştirak edib. Seminarda gələcək beynəlxalq idman tədbirlərinin təşkili, ev sahibliyi imkanları və üzv ölkələr arasında təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
Könül Nurullayeva səfər çərçivəsində İslam Həmrəyliyi İdman Assosiasiyasının İcraiyyə Komitəsinin 45-ci iclasında və Baş Assambleyasında iştirak edib. Görüşlər zamanı Assosiasiyanın fəaliyyəti, qarşıda duran vəzifələr və təşkilati məsələlər nəzərdən keçirilib.
Assambleya çərçivəsində Assosiasiyanın Prezidenti, eyni zamanda Səudiyyə Ərəbistanının İdman naziri Şahzadə Abdulaziz bin Turki AlFaisal AlSaud tərəfindən Könül Nurullayevaya İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətinə yüksək qiymət verilərək təşəkkürnamə təqdim edilib. Təqdimat zamanı Könül Nurullayeva göstərilən etimada görə Assosiasiyanın rəhbərliyinə minnətdarlığını bildirib. O, bu təltifi yalnız şəxsi fəaliyyətinə verilən qiymət kimi deyil, dostluq, qardaşlıq və həmrəylik prinsipləri əsasında çalışan böyük kollektivin birgə əməyinə verilən dəyər kimi qəbul etdiyini vurğulayıb.
Könül Nurullayeva bildirib ki, İslam dünyasında idman vasitəsilə əməkdaşlığın, dostluğun və həmrəyliyin daha da gücləndirilməsinə töhfə vermək böyük şərəf və məsuliyyətdir. Onun sözlərinə görə, üzv ölkələrin bir araya gəldiyi bu kimi platformalar idman sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı və yeni təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İslam Həmrəyliyi İdman Assosiasiyasının dəyərli qonaqları, həmçinin Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud, Vəliəhd və Baş nazirin himayəsi altında keçirilən “Crown Prince Camel Festival”ını izləmək şansı əldə ediblər.