21 sentyabr 2026 18:20
97

Unudulmaz qəhrəmanlıq

2000-ci il dekabrın 16-da Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açan Səməd İkram oğlu Kərəmli canından artıq sevdiyi Vətən torpağının azadlığı uğrunda son damla qanına qədər vuruşub şərəfli ölümü ilə adını qəhrəmanlıq tariximizə yazıb. Özü cismən aramızdan getsə də, 20 yaşında öz xalqına elə bir mənəvi sərvət qoyub ki, onda yurdumuzun daşına, torpağına, divarına ilahi bir sevgi yaşayır. Odur ki, qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə Səmədin adı heç vaxt unudulmaz, onun qısa ömür yolu örnək sayılar.

Ömrünü Vətənin azadlığına, xalqın xoş gələcəyinə həsr edən Səməd Kərimli orta məktəbdən sonra, yəni 2016-cı ildə Biləsuvar rayon Peşə liseyinin "Kompüter ustası" ixtisasına qəbul olunub, burada oxuduğu müddətdə müəllimlərinin və tanışlarının sevimlisinə çevrilib. Hər kəs Səmədi zarafatcıl, şirindilli, zəhmətkeş və digər müsbət xüsusiyyətlərinə görə sevib.

Məktəbin təşkilatı işlərində fəal göstərib, hətta Xocalı faciəsinə həsr olunmuş tədbirdə rol alaraq şəhidin ölüm səhnəsini göstərib. Üç ildən sonra Vətən, torpaq sevgisi Səmədi şəhidlik zirvəsinə ucaltmaqla oynadığı rol həqiqət olub.

Ürəyində Vətənə məhəbbət, düşmənə nifrət hissi gəzdirən Səməd Kərimli 2019-cu ilin iyul ayının 2-də ordu sıralarına yola düşüb. Andiçmə mərasiminə kimi Ağcabədi rayonunda yerləşən hərbi hissədə olub. Onu Beyləqana göndəriblər. Burada Azərbaycanın müqəddəsliyini hər şeydən əziz tutmaqla əsgəri borcunu şərəflə yerinə yetirib. Vətəninə, torpağına bitib-tükənməyən sevgisi ona komandirlərin, əsgər yoldaşların hörmətini qazandırıb. Ən əsası müqəddəs yurd yerimiz Qarabağın azadlığı uğrunda savaşa həmişə hazır dayanıb. Müharibə meydanında yağıya qalib gəlmək üçün bacarığı, biliyi, çalışqanlığı hesabına seçdiyi topçu peşəsinə mükəmməl yiyələnə bilib. Vətən torpaqların erməni işğalı altında olması ona pis təsir edib, əsgər yoldaşlarına deyib ki, əsir Qarabağımız öz xilaskar ərənlərinin yolunu həsrətlə gözləyir. Virana yurdumuzu azadlığa qovuşdurmağın vaxtdır. Bu yolda şəhid olmaq belə bir övlad kimi bizim şərəfli borcumuzdur. Mən düşmənlə döyüşə tam hazıram, hər an Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirəm. Ən böyük istəyim mübarizə meydanında namərd dığaları o dünyaya göndərib qələbə ilə evə dönməkdir.

Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan, 2020-ci il sentyabr ayının 27-də başlayan haqq savaşımızda əsgər Səməd Kərimli ilk gündən ön cəbhədə yağıya qarşı vuruşa girib. Sinəsini yanar oda döndərib erməni dığalarını qıra-qıra qələbəyə doğru inamla irəliləyib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərinin işğaldan azad olmasında həmişə ön sıralarda vuruşub, böyük hünər və cəsarət göstərib, düşmənə ciddi itkilər verib.

Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır sınaqlardan zəfərlə çıxan Səməd Kərimlinin sonuncu döyüşü Şuşada baş tutub. Noyabrın səkkizində gedən ölüm-dirim döyüş zamanı igid əsgər ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq Vətənlə bir döyünən ürəyi dayanıb. 9 noyabrda doğmaların, yaxınların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə boya-başa çatdığı Əliabad kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları əsasında “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşanın, Xocavəndin və Cəbrayılın azadlığına görə medallarına layiq olub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü