23 sentyabr 2026 20:21
112

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Ortaq gələcək naminə etimadın, əməkdaşlığın və qlobal sabitliyin bərpası” mövzusunda XXXVII Yüksək Səviyyəli Görüş keçirilir.

“İki sahil” xəbər verir ki, görüş dövlət və hökumət başçılarını, BMT-nin və digər beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələrini, sabiq liderləri və beynəlxalq ekspertləri bir araya gətirib. Açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Baş katibinin müavini və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan, Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Hunbo və digər şəxslər çıxış ediblər.

Tedros Adhanom Qebreyesus qlobal səhiyyəni dövlətlərin ortaq təhdidlər qarşısında əməkdaşlıq edə bildiyi sahələrdən biri kimi göstərib. O, gələcək pandemiyalara qarşı koordinasiyalı fəaliyyətin və dövlətlər arasında daha güclü etimadın vacibliyini vurğulayıb. Migel Anxel Moratinos etimadın bərpasının beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmətdən başladığını bildirib. O, böhranlar dərinləşməzdən əvvəl dialoq, vasitəçilik və preventiv diplomatiyaya daha çox diqqət ayrılmasının əhəmiyyətini qeyd edib. Tatyana Molçan çıxışı zamanım siyasi fikir ayrılıqlarının mövcud olduğu şəraitdə belə praktiki əməkdaşlığın mümkün olduğunu deyib. O, nəqliyyat dəhlizləri, ticarət, sərhəd keçidləri və ortaq su ehtiyatları kimi sahələrdə əməkdaşlığın dövlətlər arasında etimadın qurulmasına töhfə verdiyini vurğulayıb. Vu Hunbo isə çoxtərəfliliyin əsasının dövlətlərin suveren bərabərliyi və qarşılıqlı hörmət olduğunu diqqətə çatdırıb. O, geosiyasi fikir ayrılıqlarının bərabərhüquqlu dialoq, qlobal çağırışların isə çoxtərəfli mexanizmlər vasitəsilə həllinə çağırıb.

Tədbir iki gün davam edəcək.