Azərbaycan iqtisadiyyatının qarşıdakı inkişaf mərhələsində qeyri-neft sektorunun şaxələndirilməsi, yüksək əlavə dəyər yaradan istehsal sahələrinin genişləndirilməsi və milli sənaye potensialının daha da gücləndirilməsi əsas prioritetlərdəndir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunan müşavirə də məhz bu baxımdan mühüm strateji əhəmiyyət daşıyır. Dövlət Proqramının 23 sentyabr 2026-cı ildə təsdiqlənməsi ilə bu istiqamətdə qarşıdakı dörd ilin konkret yol xəritəsi müəyyənləşdirilib.
Prezident İlham Əliyevin çıxışında dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın qeyri-neft iqtisadiyyatının yeni və perspektivli istiqamətlərindən biri kimi təqdim edildi. Bu yanaşmanın əsas mahiyyəti təkcə mövcud filiz yataqlarının istismara verilməsi deyil. Hədəf xammalın hasilatından başlayaraq onun zənginləşdirilməsi, emalı və son məhsula çevrilməsinə qədər tam istehsal zəncirinin yaradılmasıdır. Azərbaycan artıq öz təbii resurslarından daha çox əlavə dəyər əldə edən sənaye ölkəsinə çevrilmək istiqamətində yeni mərhələyə qədəm qoyur.
Dövlət Proqramının miqyası qarşıya qoyulan məqsədlərin ciddiliyini göstərir. 2027–2030-cu illərdə sektorun inkişafı üçün ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur. Bu vəsaitin təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən formalaşdırılması planlaşdırılır. Proqramın icrası nəticəsində 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun əlavə dəyərinin 2,6 dəfə, illik ixrac potensialının da əhəmiyyətli dərəcədə artırılması hədəflənir.
Bu rəqəmlər göstərir ki, söhbət ayrı-ayrı mədən layihələrindən deyil, bütöv bir sənaye ekosisteminin formalaşdırılmasından gedir. Burada hasilat müəssisələri ilə yanaşı, zənginləşdirmə, metallurgiya, logistika, texniki xidmət, mühəndislik və digər əlaqəli sahələrin inkişafı üçün də geniş imkanlar yaranacaq.
Prezidentin vurğuladığı kimi, bu istiqamətdə 5 mindən çox yeni daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu isə xüsusilə regionların iqtisadi fəallığının artırılması baxımından mühüm göstəricidir.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri təbii ehtiyatların yalnız xammal kimi deyil, daha yüksək əlavə dəyər yaradan məhsullar formasında iqtisadi dövriyyəyə cəlb edilməsidir. Bu baxımdan Dövlət Proqramının ən mühüm üstünlüklərindən biri məhz “hasilat–zənginləşdirmə–emal–hazır məhsul–ixrac” zəncirinin yaradılmasına yönəlməsidir.
“Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” kimi layihələrin inkişaf etdirilməsi, “Daşkəsən” layihəsində illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması, “Filizçay”da mis, sink və qurğuşunun tamhəcmli emalına hazırlıq ölkənin metallurgiya və dağ-mədən sənayesində yeni istehsal imkanları formalaşdıracaq.
Bu, eyni zamanda, ixrac strukturunun daha da şaxələndirilməsi deməkdir. Əgər əvvəllər mineral resursların bir hissəsi daha aşağı əlavə dəyərli məhsullar kimi xarici bazarlara çıxarılırdısa, yeni mərhələdə əsas məqsəd həmin resursların mümkün qədər ölkə daxilində emal edilməsidir.
Dövlət Proqramının xüsusi əhəmiyyəti onun işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası ilə də sıx bağlıdır. Qarabağ və Şərqi Zəngəzur yalnız tarixi torpaqlarımızın dirçəldildiyi məkan deyil, həm də Azərbaycanın yeni iqtisadi inkişaf xəritəsinin mühüm hissəsinə çevrilir. Kəlbəcər, Zəngilan, Ağdərə və digər ərazilərdə mövcud mineral resursların müasir texnologiyalar əsasında öyrənilməsi və istismara hazırlanması həmin rayonlarda sənaye istehsalının, məşğulluğun və xidmət sektorunun genişlənməsinə imkan verəcək. Bu proses Böyük Qayıdışın iqtisadi əsaslarını da möhkəmləndirir. Çünki dayanıqlı məskunlaşmanın mühüm şərtlərindən biri insanların öz doğma rayonlarında işləməsi, gəlir əldə etməsi və biznes imkanlarına malik olmasıdır.
Proqramın digər mühüm istiqaməti Azərbaycanın mineral resurs potensialının yeni texnologiyalarla daha dərindən öyrənilməsidir.
Hazırda 15 min kvadratkilometr ərazidə geoloji tədqiqatların aparılması və ölkənin mineral resurs potensialının xəritəsinin hazırlanması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında da ilkin axtarış-qiymətləndirmə işlərinin aparılması planlaşdırılır.
Bu, strateji baxımdan vacibdir. Çünki müasir geoloji texnologiyalar əvvəlki dövrlərdə müəyyən edilməmiş ehtiyatların aşkar olunmasına və mövcud yataqların potensialının daha dəqiq qiymətləndirilməsinə imkan verir. Balakəndə yerləşən “Filizçay” yatağının inkişaf etdirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Layihənin reallaşdırılması Azərbaycanın əlvan metallurgiya imkanlarını genişləndirməyə və ixrac portfelinə yeni məhsullar əlavə etməyə imkan verəcək.
Dağ-mədən sənayesinin inkişafı əlbəttə ki, yalnız iqtisadi göstəricilərlə ölçülə bilməz. Bu sahədə ekoloji təhlükəsizlik xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin müşavirədə təbiətin qorunmasını ayrıca vurğulaması təsadüfi deyil. Mineral ehtiyatlardan istifadə zamanı müasir ekoloji standartların tətbiqi, istehsal proseslərinin ətraf mühitə təsirinin minimuma endirilməsi və beynəlxalq tələblərə uyğun fəaliyyət dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu yanaşma göstərir ki, iqtisadi inkişaf və təbiətin qorunması bir-birinə alternativ kimi deyil, paralel prioritetlər kimi nəzərdən keçirilir.
Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi siyasətin əsas nəticələrindən biri qeyri-neft sektorunun rolunun davamlı şəkildə artırılmasıdır. Prezidentin müşavirədə qeyd etdiyi kimi, 2026-cı ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faiz artım qeydə alınıb. Yeni Dövlət Proqramı isə bu inkişafın daha uzunmüddətli və yüksək əlavə dəyərli sənaye layihələri hesabına möhkəmləndirilməsinə xidmət edir. Burada əsas məsələ yalnız yeni müəssisələrin yaradılması deyil. Daha böyük məqsəd Azərbaycanın sənaye strukturunda yeni bir istiqamətin formalaşdırılmasıdır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı maşınqayırma, nəqliyyat, logistika, enerji, tikinti və digər sahələrə də əlavə tələbat yaradacaq.
Beləliklə, bir sektorun inkişafı bütövlükdə iqtisadiyyat üzrə multiplikativ təsir yarada bilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas xüsusiyyətlərindən biri strateji məqsədlərin konkret dövlət proqramları vasitəsilə icraya yönəldilməsidir. Dağ-mədən və metallurgiya sənayesinə dair Dövlət Proqramı da bu baxımdan yalnız bir sənəd deyil, qarşıdakı dörd il üçün konkret investisiya, istehsal, ixrac və məşğulluq hədəflərini müəyyən edən yol xəritəsidir.
Dövlət Proqramının təsdiqi ilə onun icrasına nəzarət və monitorinq mexanizmləri də müəyyənləşdirilib. Nazirlər Kabineti proqramın icrasını əlaqələndirəcək və hər il Prezidentə məlumat təqdim edəcək, monitorinq və qiymətləndirmə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Bir sözlə, qarşıdakı mərhələdə Azərbaycanın təbii sərvət potensialının iqtisadi gücə çevrilməsi daha sistemli xarakter alacaq. Yeni mədənlər, yeni zavodlar, yeni istehsal zəncirləri, yeni iş yerləri və genişlənən ixrac imkanları ölkənin sənaye xəritəsini dəyişdirəcək amillərdir.
Ən başlıcası isə budur ki, Azərbaycan öz resurslarını yalnız hasil edən deyil, onları emal edən, əlavə dəyər yaradan və dünya bazarlarına rəqabətqabiliyyətli məhsullar çıxaran sənaye ölkəsi kimi mövqeyini daha da möhkəmləndirmək üçün yeni mərhələyə daxil olur. Dövlət Proqramının qarşıya qoyduğu hədəflər də məhz bu strateji məqsədə xidmət edir.
Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini
Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında tarixi dostluq münasibətləri yüksək səviyyəyə çatıb
Azərbaycan Mərkəzi Asiyaya günəş kimi doğur: Prezidentin çıxışı Yeni Yol Xəritəsidir
Xəzər Azərbaycan və Türkmənistanı dostluq və qardaşlıq körpüsü kimi birləşdirir