Azərbaycanın Slovakiyadakı səfirliyi tərəfindən Bratislava şəhərində həmin ölkədə yaşayan həmvətənlərimiz, eləcə də qardaş Türkiyə və Qazaxıstan diplomatlarının iştirakı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, tədbirin əvvəlində Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də qürur hissləri ilə bağlı olduğunu bildirib. Səfir Azərbaycanın tarixi Zəfərinin və ərazi bütövlüyünün bərpasının əsasında uzunmüddətli dövlətçilik siyasətinin, milli həmrəyliyin, habelə ölkənin siyasi, iqtisadi və müdafiə potensialının gücləndirilməsinin dayandığını qeyd edib.
Diplomat Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətinin müasir Azərbaycanın inkişafında və güclü dövlətçilik əsaslarının formalaşmasında mühüm rol oynadığını, bu siyasi kursun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
O bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı ilə yadda qalıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi Zəfər qazandığı, 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsinin Qələbənin həlledici mərhələlərindən biri olduğu qeyd edilib. Səfir 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazisində dövlət suverenliyini tam bərpa etdiyini və bununla da, ərazi bütövlüyünün və suverenliyin bərpası prosesinin başa çatdığını bildirib. Çıxışda Zəfərdən sonrakı dövrdə Azərbaycanın sülh gündəliyini irəli sürdüyü, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi də diqqətə çatdırılıb.
Tədbirdə şəhidlərin qəhrəmanlığı xüsusi qeyd olunub, qazilərə ehtiram ifadə edilib. Vurğulanıb ki, şəhidlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onların göstərdiyi şücaət və fədakarlıq gələcək nəsillər üçün örnək olacaq.
Qardaş Türkiyənin Slovakiyadakı səfiri, Vətən müharibəsi zamanı ölkəmizdə səfir olmuş Erkan Özoral çıxışında Azərbaycan torpaqlarının uzun illər Ermənistan tərəfindən işğalının ağır fəsadlarını vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının haqq işi olduğunu qeyd edərək, Vətən müharibəsində qazanılan şanlı Zəfərdə şəhidlərimizin və qazilərimizin misilsiz fədakarlığını yüksək qiymətləndirib.
Çıxışlardan sonra Anım Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Anım Günü münasibətilə Sarayevodakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub