27 sentyabr 2026 17:40
102

Mehmet Daniş: İki bayraq, bir ürək, “Bir millət, iki dövlət”

İki bayraq, bir ürək, “Bir millət, iki dövlət”. Qardaş Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizi 27 Sentyabr – Anım Günü münasibətilə rəhmət, minnətdarlıq və ehtiramla yad edir, qazilərimizə təşəkkürümü bildirirəm.

“İki sahil” xəbər verir ki, bu fikirlər Türkiyənin Radio və Televiziya Baş İdarəsinin (RTÜK) sədri Mehmet Danişin Anım Günü ilə bağlı paylaşımında yer alıb.

44 günlük Vətən müharibəsi zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyədən ölkəmizə göstərilən siyasi və mənəvi dəstək, Azərbaycan Prezidenti İlham Əliyevin güclü idarəçiliyi, xalqımız ilə Ordumuzun göstərdiyi əzmkarlıq və qəhrəmanlığa diqqət çəkən Daniş bütün bu amillərin Azərbaycanın haqlı mübarizəsinin qələbə ilə nəticələnməsində, eləcə də Türkiyə-Azərbaycan qardaşlığının, tarixi həmrəyliyinin bir daha bütün dünyaya nümayiş etdirilməsində mühüm rol oynadığını qeyd edib.

“Şəhidlərimizin əziz xatirəsi və qazilərimizin fədakarlıqları qardaşlığımızın ən qiymətli əmanətləridir. Türkiyə və Azərbaycan sevincdə və kədərdə daim bir və bərabər olmağa, ortaq tariximizdən aldığımız güclə ortaq gələcəyə birlikdə addımlamağa davam edəcək. Qarabağ Azərbaycandır. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun” - deyə Mehmet Daniş bildirib.