27 sentyabr 2026 18:42
102

Şimal bölgəsində silsilə anım tədbirləri keçirilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar şimal rayonlarında silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub.

“İki sahil” xəbər verir ki, Xaçmazdakı anım mərasimində Şəhidlər xiyabanında alovlanan məşəlin önünə əklil qoyulub, Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü ziyarət edilib, şəhidlərin xatirə lövhələri önünə tər qərənfillər düzülüb. Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə görüşündə Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin daim qəlblərdə yaşayacağını vurğulayıb. Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qubada da Anım Günü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. Xiyabanda keçirilən tədbirdə çıxış edənlər şəhidlərimizin əziz xatirələrinə dərin ehtiramlarını bildirib, ölkə rəhbərliyinin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğıdan danışıblar. Vətənimizin ərazi bütövlüyünün və dövlət suverenliyinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində tam bərqərar olduğunu qeyd edilib. Çıxışlardan sonra rayon ərazisində ağacəkmə aksiyası təşkil olunub. Aksiyada rayon rəhbərliyi, müxtəlif təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və könüllülər iştirak ediblər.

Qusar rayonunda da Anım Günü münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub, qəhrəman Vətən oğullarının xatirəsi ehtiramla anılıb. Daha sonra rayon ərazisində ağacəkmə aksiyası keçirilib, rayon rəhbərliyi şəhid ailələri evlərində ziyarət edib.

Şabran, Siyəzən və Xızı rayonlarında da silsilə anım tədbirləri təşkil olunub.

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən siqnallar verilib.