2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə nəşr olunan uğurlu tədqiqat işlərindən biri Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının əməkdaşları tərəfindən hazırlanmış “Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” adlı kollektiv monoqrafiyadır. Əsər Gülnarə Əliyeva, Nuridə Novruzova, Teyyub Quliyev, Elşən Şükürlü, Afət Ələkbərova, Ziyafət Qasımova tərəfindən yazılmışdır.
“İki sahil” xəbər verir ki, kollektiv monoqrafiya 1926-cı il 26 fevral – 6 mart tarixlərində Bakı şəhərində keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuşdur. Monoqrafiyada 22 oktyabr 2025-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin I Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamdan irəli gələn məsələlər öz əksini tapmış, bu istiqamətdə müvafiq materiallar analitik təhlilə cəlb olunaraq işıqlandırılmışdır.
Kitabda A. N.Samoyloviç, V.V.Bartold, N.Poppe, B.Çobanzadə, D.Mesaroş, T.T.Menzel, S.Y.Malov, A.Baytursunov və digər görkəmli alimlərin məruzələrində irəli sürülən elmi müddəalar əsasında Birinci Türkoloji Qurultayda müzakirə olunan nəzəri dilçilik məsələləri və türk areal dilçiliyinin əsas problemləri geniş şəkildə araşdırılmışdır. Tədqiqatda həmin dövr üçün mühüm elmi əhəmiyyət daşıyan qədim və müasir türk dillərinin öyrənilmə vəziyyəti, ortaq türk dili, türk dillərində termin yaratmaq konsepsiyası kimi dilçilik məsələlərinin qoyuluşu və müzakirəsi araşdırılmaqla yanaşı, müxtəlif türk dillərinin qarşılıqlı əlaqələri, onların inkişaf xüsusiyyətləri və ümumtürk dilçilik kontekstində nəzərdən keçirilməsi məsələlərinə də diqqət yetirilmişdir. Monoqrafiyanın diqqətçəkən istiqamətlərindən biri də Birinci Türkoloji Qurultayla bağlı Azərbaycan mətbuatında 1922-1929-cu illərdə dərc olunmuş materialların araşdırılmasıdır. Burada həmin dövrün mətbuatında qurultaya münasibəti əks etdirən məqalələrə və qəzet materiallarına, arxiv sənədlərinə müraciət edilmiş, həmin materiallara müvafiq şərh və izahlar vermişdir.
Kitabın elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri prof. Eldar Piriyev, prof. İkram Qasımov, prof. Minəxanım Təkləli, fil.e.d. Qətibə Mahmudovadır.
Kollektiv monoqrafiya türk xalqlarının ortaq elmi-mədəni irsinin öyrənilməsi və Birinci Türkoloji Qurultayın zəngin irsinin müasir elmi yanaşmalar əsasında tədqiqi baxımından əhəmiyyətli elmi nəşrlərdən biridir.