29 sentyabr 2026 16:40
88

Dünyanın daha çox kosmosa ehtiyacı var: Azərbaycan üçün bu çağırış nə deməkdir?

İmran Muxtarov: Bizə yalnız daha çox kosmos deyil, kosmosdan Azərbaycan üçün daha çox dəyər lazımdır

BAK 2026-nın əsas mövzusu “The World Needs More Space” – “Dünyanın daha çox kosmosa ehtiyacı var” şüarıdır. KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov bu şüarın yalnız kosmosa daha çox uçuş həyata keçirilməsi anlamına gəlmədiyini bildirib. Onun sözlərinə görə, burada əsas məqsəd Yer üzündə mövcud problemlərin həllində kosmosdan daha ağıllı, geniş və inklüziv şəkildə istifadə etməkdir.

İmran Muxtarov qeyd edib ki, bu yanaşmanın Azərbaycan üçün də böyük praktik əhəmiyyəti var. Kosmik məlumatlardan kənd təsərrüfatında torpağın və bitki örtüyünün vəziyyətini izləmək, ekologiya sahəsində ətraf mühit və su ehtiyatlarında baş verən dəyişiklikləri monitorinq etmək, şəhər idarəçiliyində urbanizasiya və infrastruktur proseslərini təhlil etmək mümkündür. Fövqəladə hallarda isə kosmik texnologiyalar böyük ərazilər haqqında operativ məlumat əldə etməyə imkan verir.

O bildirib ki, növbəti mühüm mərhələ kosmik məlumatların süni intellekt, böyük verilənlər və digər rəqəmsal texnologiyalarla inteqrasiyasıdır. Bu inteqrasiya yeni məhsul və xidmətlərin, startapların, elmi tədqiqatların və yüksək ixtisaslı iş yerlərinin yaranması üçün böyük iqtisadi potensial formalaşdırır.

KOSMİK Akademiyanın rəhbəri vurğulayıb ki, “The World Needs More Space” şüarının Azərbaycan üçün başqa mühüm tərəfi də kosmosa və kosmik təhsilə daha çox insanın çıxışının təmin edilməsidir.

Onun sözlərinə görə, KOSMİK Akademiyada bu yanaşma *3G+ – Gender, Geography, Generations* prinsipi əsasında həyata keçirilir. Bu prinsip gender bərabərliyini, coğrafi əhatəliliyi və müxtəlif nəsillərin prosesə cəlb olunmasını nəzərdə tutur. Məqsəd kosmik təhsilin yalnız paytaxtda, müəyyən yaş qrupunda və ya müəyyən gender çərçivəsində cəmləşməsinin qarşısını almaqdır.

İmran Muxtarov bildirib ki, bu yanaşmanın konkret nəticələri də var. Belə ki, KOSMİK Akademiyanın insan kapitalının 51 faizini qadınlar təşkil edir. Onun sözlərinə görə, bu göstərici Azərbaycanın gələcək kosmik ekosistemində qadınların yalnız iştirakçı deyil, həm də bu ekosistemin formalaşmasında bərabər rol oynayan qüvvə olduğunu göstərir.

O qeyd edib ki, KOSMİK Akademiyanın 3G+ yanaşmasının Beynəlxalq Astronavtika Federasiyasının IAF Excellence in “3G+” Diversity Award mükafatı ilə beynəlxalq səviyyədə tanınması da bu modelin əhəmiyyətini göstərir.

İmran Muxtarov “The World Needs More Space” ideyasının Azərbaycan üçün mahiyyətini belə ifadə edib: Bizə yalnız daha çox kosmos deyil, kosmosdan Azərbaycan üçün daha çox dəyər lazımdır – daha çox region, daha çox gənc, daha çox qadın, daha çox elm və kosmik texnologiyalardan faydalanan daha çox iqtisadi sektor.

Yaqut Ağaşahqızı, “İki sahil”