İmran Muxtarov: Əsas bacarıq kosmosdan əldə olunan məlumatı Yer üzündə konkret qərara və həllə çevirmək olacaq
Müasir kosmik sənaye artıq yalnız astronomiya və raket texnologiyaları ilə məhdudlaşmır. Bu sahədə süni intellekt, böyük verilənlər, peyk təsvirləri, kibertəhlükəsizlik və iqlim monitorinqi kimi istiqamətlər də mühüm rol oynayır. Buna görə də yeni nəsil kosmik mütəxəssislərin hazırlanması daha geniş bilik və bacarıqlar tələb edir.
KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov bildirib ki, bu gün “kosmik mütəxəssis” anlayışı əvvəlki dövrlə müqayisədə xeyli genişlənib. Artıq kosmik sektorda yalnız raket mühəndisləri və astronomlar deyil, süni intellekt mütəxəssisləri, proqramçılar, CİS analitikləri, kibertəhlükəsizlik mütəxəssisləri, ekoloqlar, iqlim tədqiqatçıları və iqtisadçılar da fəaliyyət göstərə bilərlər.
O qeyd edib ki, buna görə KOSMİK Akademiyanın təhsil modelində multidissiplinarlıq, yəni müxtəlif elm və texnologiya sahələrinin birlikdə öyrənilməsi əsas prinsiplərdən biridir.
İmran Muxtarovun sözlərinə görə, Akademiyada uşaqlar mümkün qədər erkən yaşlardan nəzəri bilikləri real texnologiyalarla əlaqələndirirlər. “From Orbit to Classroom” proqramında məktəblilər real kosmik missiyaların necə işlədiyini, peyk məlumatlarının necə emal edildiyini və “IoT” – Əşyaların interneti sistemlərinin necə qurulduğunu öyrənirlər.
KOSMİK Akademiyanın rəhbəri bildirib ki, Məktəbli Peyki proqramı bu istiqamətdə daha irəli mərhələdir. Bu proqramda uşaqlar peyklər haqqında yalnız nəzəri məlumat əldə etmirlər, eyni zamanda real peyk missiyasının iştirakçısına çevrilirlər**.
O,əlavə edib ki, universitet səviyyəsində də praktiki mühəndislik bacarıqlarına xüsusi diqqət yetirilir. Akademiyanın təhsil modelini isə qısa şəkildə belə ifadə etmək olar: *“öyrən → layihələndir → qur → sına → təqdim et”.*
İmran Muxtarov qeyd edib ki, növbəti mərhələdə bu yanaşmaya daha bir mühüm bacarıq əlavə olunur: *məlumatı dəyərə çevirmək*. Çünki gələcəkdə əsas məsələ yalnız peykdən məlumat əldə etmək olmayacaq. Əsas bacarıq kosmosdan əldə olunan məlumatı süni intellekt və böyük verilənlərlə birləşdirərək Yer üzündə konkret qərar və praktik həllə çevirmək olacaq.
Yaqut Ağaşahqızı, “İki sahil”
Dünyanın daha çox kosmosa ehtiyacı var: Azərbaycan üçün bu çağırış nə deməkdir?